Alipay ödəniş xidməti ilə tanınan Ant Group ilk humanoid robotunu — R1-i təqdim edib. Yenilik Şanxayda keçirilən Inclusion 2025 konfransında nümayiş olunub. Robot ekskursiya bələdçisi kimi işləyə, apteklərdə dərmanları çeşidləyə, tibbi mövzularda məsləhət verə və ya mətbəxdə sadə tapşırıqları yerinə yetirə bilir.
Rəqiblər əsasən “dəmir” üzərində işləsələr də, Ant diqqəti robotun “beyni”nə yönəldib. Şirkətin Robbyant bölməsinin rəhbəri Çju Sin bildirib ki, R1-in əsas üstünlüyü BaiLing adlı böyük dil modelidir. Bu sistem robota mürəkkəb işləri planlaşdırmağa və icra etməyə imkan verir — məsələn, yemək bişirmək və masa servisi. Şirkət humanoid robotları kütləvi İİ köməkçilərinin platforması kimi görür.
R1 əsasən Çin istehsalı komponentlərdən yığılır: oynaqlar üçün modulları Ti5 robot, şassini isə Ant-ın sərmayə qoyduğu Galaxea AI təmin edib. Eyni zamanda, Unitree Robotics və Orbbec ilə danışıqlar aparılır. Ekspertlərə görə, bu yarışda əsas üstünlük istehsal deyil, məhz süni intellekt modellərinin keyfiyyəti və miqyaslana bilməsidir.
Hazırda robot sosial dəstək mərkəzlərində və restoranlarda sınaqdan keçirilir. Şirkət qiymət və satış tarixlərini açıqlamır, amma gələcəkdə evlər üçün həm məişət işlərini, həm də tibbi yardımı birləşdirə bilən köməkçi və yoldaş robotlar buraxmağı planlaşdırır.