Samsung-un yeni büdcəseqmentli smartfonu Galaxy A17-in qiymətləri rəsmi təqdimatdan əvvəl məlum olub. Cihaz EPTO adlı elektron ticarət platformasının bazasında görünüb və bu, həm 4G, həm də 5G versiyalarının Avropa bazarı üçün nəzərdə tutulmuş konfiqurasiyaları və satış qiymətlərini üzə çıxarıb.
Galaxy A17 5G versiyası 8 GB operativ və 256 GB daxili yaddaşa malik olacaq. Cihazın qara, boz və mavi rəng variantlarında təqdim ediləcəyi və Avropa bazarında 319 avroya satılacağı gözlənilir. Rəsmi texniki xüsusiyyətlər hələ açıqlanmayıb, lakin mövcud məlumatlara əsasən smartfon Full HD+ təsvir ölçülü və 120 Hz yenilənmə tezlikli AMOLED ekran, Exynos 1380 prosessoru və 5000 mAh tutumlu batareya ilə təchiz olunacaq. Şarj gücü 25 vatt olacaq. Arxa kameralar üç modula malikdir: əsas 50 meqapiksellik (optik sabitləşdiricili), 5 meqapiksellik ultra geniş bucaqlı və 2 meqapiksellik makro modul.
4G versiyada da eyni ekran və kamera quruluşunun qorunacağı, yalnız prosessorun fərqli – MediaTek Helio G99 olacağı bildirilir. Bu versiya da 8/256 GB yaddaşla gələcək və qiyməti 289 avro təşkil edəcək. Rəng seçimləri isə boz, qara və göy olacaq.
Samsung hələlik Galaxy A17 modelinin təqdimat tarixini rəsmi olaraq açıqlamayıb.