LG şirkəti 1960-cı illərdə Koreyada istehsal olunmuş ilk məişət elektrik cihazı sayılan kult ventilyator D-301-in müasir versiyasını təqdim edib. Yeni model Heritage Fan adlanır və şirkətin ölkənin məişət texnikasının inkişafına verdiyi töhfəni qeyd etmək üçün hazırlanıb.
Tarix 1947-ci ildən başlayır: o zaman LuckyChemical Co Koreyada ilk plastik istehsalçısı olub. 1958-ci ildə isə Goldstar Co yaradılaraq elektronika istehsalına start verib. Məhz Goldstar brendi Koreya elektronikasını dünya bazarına çıxarıb və bu günkü LG Electronics-in əsasını qoyub.
Heritage Fan-ın yaradılması üçün LG komandası orijinal D-301 sahiblərini axtarıb tapıb. Onların çoxu fəxrlə bildirib ki, ventilyatorları hələ də işlək vəziyyətdədir. Bu tarixi nüsxələr yeni modelin dizaynı üçün əsas götürülüb.
Yeni Heritage Fan klassik üslubu qoruyub saxlayır: əyri çərçivə, analoq idarəetmə düyməsi və Goldstar tac loqosu olduğu kimi qalır. Amma texniki tərəfdən cihaz tamamilə yenilənib: yüksək effektivlikli BLDC mühərriki və daxili şarj olunan batareya ilə təchiz olunub. Batareya şəbəkəyə qoşulmadan 10 saata qədər avtonom işləməyi təmin edir.