Google-un 20 avqustda təqdim etməyi planlaşdırdığı Pixel Watch 4 adlı yeni ağıllı saatlarının rəsmi promofotoşəkilləri internetə sızdırılıb. Məşhur insayder Evan Blass (evleaks) bu cihazın əsas xüsusiyyətlərini göstərən marketinq materiallarını yayımlayıb.
Sızan məlumatlara əsasən, Pixel Watch 4 ilk dəfə olaraq iki korpus ölçüsündə — 41 mm və 45 mm variantlarında təqdim olunacaq. Bu da istifadəçilərə ölçü baxımından seçim imkanı verəcək. Xarici görünüş əvvəlki nəsildən ciddi fərqlənməsə də, bir mühüm dəyişiklik diqqət çəkir — şarj kontaktları artıq korpusun yan hissəsinə yerləşdirilib.
Hər iki model Actua 360 adlı ekranla təchiz olunacaq və ekran daim aktiv olacaq. Batareya ömrü isə modellər arasında fərqlidir: 41 mm-lik versiya bir dəfə şarjla 30 saata qədər, 45 mm-lik isə 40 saata qədər çalışa bilir. Yeni nəsil saatlar əvvəlkilərlə müqayisədə 25% daha sürətli şarj olunur.
Texniki yeniliklər arasında iki tezlikli GPS (dəqiq mövqe təyini üçün), EKG (elektrokardioqram), qan oksigen səviyyəsi (SPO2), tənəffüs tezliyi və ürək ritmi dəyişkənliyini izləyən sensorlar var. Saat həmçinin nəbzin dayanmasını müəyyən edən və fövqəladə yardım çağırmaq funksiyasına da sahib olacaq.
Fitnes funksiyaları üçün isə Google 40-dan çox məşq rejimi təqdim edib. Cihaza süni intellekt əsasında çalışan Gemini adlı köməkçi də inteqrasiya olunacaq.
Pixel Watch 4-ün LTE versiyasını alan istifadəçilərə Google Fi şəbəkəsində 2 il ərzində pulsuz məlumat istifadəsi imkanı veriləcək. Baxmayaraq ki, təqdimat 20 avqustda baş tutacaq, satışın dəqiq başlanma tarixi hələ açıqlanmayıb.