Apple gələcək iPhone modelləri üçün inqilabi foto texnologiyası üzərində işləyir. Şirkət iyun ayında ikiqat təbəqəli CMOS matrisasını patentləşdirib. Bu matrisada daxili analoq səs-küy azaldıcısı və LOFIC adlı inteqral kondensator texnologiyası mövcuddur. Onun əsas üstünlüklərindən biri, ekstremal işıq şəraitlərinə — həm çox parlaq, həm də tam qaranlıq mühitlərə avtomatik uyğunlaşmasıdır. Nəticədə bu yeni sensor 20 stoplu dinamik diapazon təqdim edir ki, bu da hətta peşəkar kameralar olan Blackmagic URSA Mini Pro 12K və RED V-RAPTOR-dan yüksək göstəricidir.
Bundan əlavə, matrisanın quruluşu onu hazırkı sensorlardan daha nazik edir. Bu isə Apple-ın gələcəkdə daha incə iPhone və iPad modelləri istehsal etməsinə imkan verəcək.
MacRumors-un məlumatına görə, bu texnologiya yalnız patentlə məhdudlaşmır. Fixed Focus Digital adlı insayder bildirir ki, Apple artıq bu matrisanı real cihazlarda test etməyə başlayıb. Şirkət Sony və Samsung kimi rəqiblərin standart kamera sensorlarından istifadə etdiyi bir vaxtda, öz fərdi texnologiyası sayəsində mobil foto və video sahəsində liderliyini daha da möhkəmləndirmək istəyir.
Yeni matrisanın konkret olaraq hansı iPhone modelində debüt edəcəyi hələlik məlum deyil, lakin texnologiyanın 2026-cı ildə təqdim olunacaq modellərdə tətbiq ediləcəyi güman olunur.