DigiTimes-in hesabatına görə, Apple Watch-un hazırkı nəsli gözləniləndən 10% yüksək satışlar göstərir. Bu uğurun fonunda Apple 2026-cı ildə ağıllı saatlarının böyük yenilənməsini planlaşdırır. Yenilik həm aparat, həm proqram təminatı, həm də dizaynı əhatə edəcək.
Əsas yeniliklərdən biri Apple Watch Series 11 və Watch Ultra 3 modellərinə arterial təzyiqi ölçmə funksiyasının əlavə olunması olacaq. Sistem təzyiqdəki dəyişiklikləri izləyəcək və normadan kənara çıxma hallarında istifadəçini xəbərdar edəcək. Şirkət həmçinin qan şəkərinin qeyri-invaziv monitorinqi üzərində işləyir, lakin bu texnologiyanın tətbiqi hələ də sual altındadır — tibbi tənzimləmələr, texniki məhdudiyyətlər və patent mübahisələri buna mane olur.
Təchizat zəncirinin analizinə əsasən, yeni Apple Watch modelləri əvvəlki nəsillərlə müqayisədə iki dəfə çox sensorla təchiz ediləcək. Bu, cihazların alqoritmik emala daha az, birbaşa sensor nəticələrinə isə daha çox güvənməsinə imkan verəcək. Belə yanaşma yalnız ölçümlərin dəqiqliyini artırmaqla qalmayacaq, həm də enerji səmərəliliyini və batareya ömrünü yaxşılaşdıracaq.
Texniki xüsusiyyətlətə əlavə olaraq, Apple saatlarının dizaynını da əhəmiyyətli dərəcədə yeniləməyi planlaşdırır. Amma dəyişikliklərin dəqiq detalları hələ açıqlanmayıb. Yeni Apple Watch modellərinin təqdimatı 2026-cı ilin payızında şirkətin ənənəvi illik tədbirində gözlənilir.