Sony Çin oyun nəhəngi Tencent-ə qarşı məhkəmə iddiası qaldırıb. Səbəb — LIGHT OF MOTIRAM adlı «sağ qalma» janrında hazırlanmış yeni oyunun Horizon Zero Dawn seriyasına olan şübhəli dərəcədə bənzərliyidir. Hadisələr post-apokaliptik dünyada baş verir və bu da Sony-nin məşhur oyun seriyasını xatırladır.
Sony-nin sözlərinə görə, Tencent 2024-cü ildə şirkətə Horizon kainatında oyun-servis yaratmaq təklifi ilə müraciət edib, lakin rədd cavabı aldıqdan sonra eyni ideyanı fərqli ad altında — öz layihəsi kimi reallaşdırıb.
Şirkət bildirir ki, Tencent-ə bağlı POLARIS QUEST studiyası əsas qəhrəmanın xarici görünüşünü, mexaniki heyvanların dizaynını, süjet xəttini, oyun prosesini və hətta rəng palitrasını da Horizon-dan açıq şəkildə kopyalayıb.
Sony-nin tələb etdiyi maddi kompensasiya məbləği açıqlanmayıb. İşə ABŞ-ın Kaliforniya ştatındakı Federal Dairə Məhkəməsi baxacaq.
Tencent məsələ ilə bağlı heç bir rəy bildirmir, lakin LIGHT OF MOTIRAM oyununun Steam səhifəsi hələ də aktivdir.