Oktyabr təqdimatından əvvəl OPPO Find X9 Pro smartfonu yeni sızmada görünüb. Digital Chat Station ləqəbli insayder cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb.
Məlumata görə, OPPO Find X9 Pro-nun ön hissəsini 6,78 düymlük OLED ekran tutacaq. Ekran 1.5K təsvir ölçüsünə, barmaq izi skanerinə, minimal çərçivələrə və 2.5D əyri şüşəyə malik olacaq. Flaqmanın performansına Dimensity 9500 prosessoru cavabdeh olacaq. Enerjiyə isə təxminən 7500 mAh tutumlu batareya (50 Vt sürətli doldurma ilə) təmin edəcək.
Əsas kamera bloku arxa panelin yuxarı sol hissəsində yerləşəcək. Kamera sisteminə 200 MP-lik periskop telefoto sensoru, eləcə də 50 MP-lik əsas və ultra-genişbucaqlı sensorlar daxil olacaq. İnsayder həmçinin cihazın IP68 və IP69 standartlarına uyğun suya və toza davamlı olacağını qeyd edir.
Hazırda ağ rəngli OPPO Find X9 Pro haqqında məlumatlar mövcuddur. Arxa panelin şüşə lifindən və ya şüşədən hazırlanması ehtimal olunur. Smartfonun dəqiq qiyməti və satış tarixi isə hələlik açıqlanmayıb.