Honor şirkəti bu ilin üçüncü rübünün sonunda Çində təqdim ediləcək Magic 8 seriyalı yeni flaqman smartfonları üzərində işləyir. Məlumata görə, bu modellər hələ təqdim olunmamış Snapdragon 8 Elite 2 prosessoru ilə təchiz olunacaq. Qualcomm-un bu yeni çipseti sentyabr ayının sonunda rəsmi olaraq təqdim olunmalıdır.
Çinli məşhur insayder Digital Chat Station-un verdiyi məlumata görə, Honor Magic 8 prototiplərindən biri 6.58 düymlük 1.5K ekranla təchiz olunub. Ekran 2.5D kənarları əyilmiş şüşəyə malikdir və çox nazik çərçivələri var – cəmi 1 mm-dən də az. Barmaq izi sensoru ekranın altına yerləşdirilmiş ultrasəs texnologiyası ilə işləyir. Həmçinin, ekranın kənar bucaqları daha çox yumrulaşdırılıb, bu da vizual olaraq daha zərif görünüş yaradır.
Smartfon həmçinin simsiz şarj funksiyasını və IP68 və ya IP69 standartına uyğun toz və suya qarşı qorunmanı dəstəkləyəcək. Diqqətçəkən məqamlardan biri də odur ki, əsas modeldə belə periskop linzalı teleobyektiv kamera olacaq. Xatırladaq ki, əvvəlki Magic 7 modelində yalnız 3x optik zum olan sadə telekamera vardı, periskop kamera isə yalnız Pro modellərə xas idi.