Texnoloji məlumatları ilə tanınan insayder Wisdom Pikachu, Xiaomi 16 modeli haqqında yeni detallar paylaşıb. Onun sözlərinə görə, smartfonun təqdimatı artıq sentyabr ayında gözlənilir və bu model Snapdragon 8 Elite 2 çipsetinə sahib ilk cihaz olacaq. Qeyd olunur ki, bu güclü prosessorun özü də həmin ay rəsmi olaraq təqdim ediləcək.
Mənbənin məlumatına görə, Xiaomi 16 modeli 6800 mA·s tutumunda batareya ilə təchiz olunacaq və 100 Vt gücündə sürətli şarjı dəstəkləyəcək. Əsas diqqətçəkən məqam isə — 6,3 düymlük kompakt ekran ölçüsünə baxmayaraq, cihazın bu qədər böyük batareya ilə gəlməsidir. Bu, Xiaomi 16-nı öz sinfində avtonomluq «kralına» çevirəcək. Batareya tutumu Samsung Galaxy S25 ilə müqayisədə təxminən iki dəfə, OnePlus 13T modelindən (6260 mA·s) isə daha yüksək olacaq.
Bundan əlavə, Xiaomi 16 Android 16 əsaslı HyperOS 3.0 ilə işləyən ilk smartfon ola bilər.
Xatırladaq ki, Wisdom Pikachu daha əvvəl dəqiq şəkildə Xiaomi 13 Ultra modelinin 2023-cü ilin aprelində çıxacağını və Xiaomi Pad 6 planşetlərinin eyni təqdimatda yer alacağını öncədən bildirib.