OnePlus şirkəti yeni flaqman modeli olan 13T smartfonunun rekord satış göstəricilərini açıqlayıb. Şirkətin prezidenti Lui Li (Louis Lee) bildirib ki, satışın ilk 10 dəqiqəsində 200 milyon yuanlıq (təxminən 28 milyon ABŞ dolları) smartfon satılıb. Bu, 3000–4000 yuan (420–560 dollar) qiymət aralığında olan smartfonlar arasında tarixi bir rekorddur.
Lui Li əlavə edib ki, birinci gün üçün nəzərdə tutulmuş bütün satış ehtiyatı cəmi iki saat ərzində tükənib. Bu uğur əsasən cihazın texniki göstəriciləri və qiyməti arasında olan ideal balansla izah olunur.
Çində satışa çıxarılan ən sərfəli versiya 12 GB operativ və 256 GB daxili yaddaşa malikdir. Onun qiyməti 3399 yuan (təxminən 475 dollar) təşkil edir. Dövlət subsidiyası tətbiq olunduqda isə qiymət 2899 yuana (təxminən 405 dollar) qədər enir.
OnePlus 13T rəsmi olaraq 24 aprel tarixində təqdim olunub və 30 apreldə Çin bazarında satışa çıxarılıb. Smartfon Qualcomm-un ən güclü prosessorlarından biri olan Snapdragon 8 Elite çipi ilə işləyir. Ekranı 6.32 düymlük LTPO texnologiyası ilə hazırlanıb və 2640×1216 piksel təsvir ölçüsünə malikdir. Cihaz həmçinin 6260 mAh tutumlu silikon-karbon batareya ilə təchiz olunub və 80 vatt gücündə sürətli şarjı dəstəkləyir.
Hazırda OnePlus 13T yalnız Çində satışdadır. Lakin şirkətin Hindistan rəsmi saytında artıq OnePlus 13s adlı modelin tanıtımı görünüb. Yüksək ehtimalla bu model, 13T-nin Hindistan bazarı üçün nəzərdə tutulmuş versiyası olacaq.