Nissan, məşhur Micra modelinin tamamilə elektrik versiyasını təqdim edib. Bu, model tarixində ilk dəfədir ki, yalnız elektrik güc qurğusu ilə satışa çıxarılacaq. Yeni hetçbek Renault-un 5 E-Tech və 4 E-Tech modellərində də istifadə olunan AmpR Small adlı modul platforma üzərində hazırlanıb.
Yeni nəsil Nissan Micra kompakt elektrik avtomobillər seqmentində etibarlılığını sübut etmiş platforma üzərində qurulub. Alıcılara iki fərqli versiya təklif olunur. Əsas versiya 40 kVt·saatlıq batareya və 121 at gücündə (90 kVt) elektromotorla təchiz olunub. Bu versiya bir şarjla təxminən 314 km məsafə qət edə bilir, avtomobilin çəkisi isə 1400 kq təşkil edir.
Daha çox güc və məsafə istəyənlər üçün təkmilləşdirilmiş versiya da mövcuddur: 52 kVt·saatlıq batareya, 148 at gücü (110 kVt), və təxminən 407 km yürüş ehtiyatı. Bu variantın çəkisi isə 1524 kq-dır. Eyni zamanda, bu versiya 80 kVt gücündə daimi cərəyanla sürətli şarj imkanına malikdir – batareya 15%-dən 80%-ə cəmi yarım saat ərzində şarj oluna bilər.
Yeni Micra modeli Renault-dan yalnız platformanı deyil, həm də əyləc sistemini, interyeri, və hətta iki ekranlı multimedia panelini götürüb. Dizaynda fərqləndirici elementlər isə Micra-nın 2002-ci il modelinə bənzər yuvarlaq LED faralar və unikal yan panel dizaynıdır.
Tənzimlənə bilən rekuperativ əyləcləmə sistemi sayəsində şəhər şəraitində real yürüş ehtiyatı 10–15% artırıla bilər.
Elektriklə işləyən Micra-nın satışına bu ildə başlanması planlaşdırılır. Qiymətlərlə bağlı rəsmi məlumat isə hələ açıqlanmayıb.