iPhone 17 Air hələ satışa çıxmayıb, amma artıq üçüncü nəsil nazik iPhone-ların daha böyük ekranla təchiz olunacağı məlumdur. Bu barədə analitik Min-Çi Kuo Apple-ın yeni planına əsasən məlumat verib.
Kuo konkret ölçü açıqlamasa da, gözlənilən iPhone 17 Air/Slim modelinin 6,6 düymlük ekranla gələcəyi nəzərə alınaraq, onun varisinin – üçüncü nəsil modelin – təxmini ekran ölçüsünün 6,7-6,9 düym aralığında olacağı ehtimal edilir. Əgər bu məlumat təsdiqlənərsə, Apple-ın ən nazik iPhone-u 16 Pro Max modeli ilə ölçü baxımından müqayisə oluna biləcək bir ekrana sahib olacaq.
Qeyd edək ki, Kuo öz planında bu modeli iPhone 17 Slim adlandırır və «Air» əlavəsini istifadə etmir. Onun etibarlı mənbə sayılması səbəbilə, Apple-ın bu adı artıq rəsmi olaraq seçdiyi düşünülür. Bununla belə, «Air» adı Apple-ın adlandırma strategiyasına (AirPods, AirTag, iPad Air, MacBook Air və s.) tam uyğun gəlir.