Əvvəllər Apple-ın yeni nəsil multimedia sisteminə sahib avtomobillərin 2024-cü ilin sonuna qədər satışa çıxacağı bildirilmişdi, lakin şirkət öz vədini yerinə yetirə bilmədi. Amma artıq bu gün yayımlanan press-relizdə multimedia sistemi haqda bir sıra vacib detallar açıqlanıb.
Ad dəyişikliyi: WWDC 2022-dəki təqdimatdan sonra dəyişən ilk şey – sistemin adı oldu. Yeni platforma artıq CarPlay Ultra adlanır.
Funksionallıq: Yeni CarPlay avtomobildə sürücüyə görünən bütün ekranlarda işləyəcək – hətta cihazlar panelində də. Spidometr, taxometr, yanacaq və mühərrik temperaturu göstəriciləri kimi vacib məlumatlar dinamik və estetik vizuallarla təqdim olunacaq. Bu isə idarəetmə prosesinə vahid və modern bir görünüş qazandıracaq.
Seçim imkanı: Sürücü özü qərar verəcək ki, hansı məlumatlar göstərilsin: iPhone-dan gələn bildirişlər, yoxsa avtomobilin sistemindən. Məsələn, bu ya smartfonda açılmış xəritə ola bilər, ya da təkərlərdəki təzyiq göstəricisi.
Fərdiləşdirmə: İstifadəçilər vizual elementlərin dizaynını şəxsi zövqlərinə uyğun tənzimləyə biləcəklər.
Siri ilə idarəetmə: Siri bəzi funksiyalara artıq nəzarət edə biləcək – məsələn, radiostansiyanın seçilməsi, iqlim tənzimləmələri və ya səs sisteminin ayarları onun vasitəsilə idarə olunacaq.
Hansı avtomobillərdə olacaq? Yeni nəsil CarPlay sistemini ilk olaraq Aston Martin markasının əsas modelləri – DBX, Vantage, DB12 və Vanquish – dəstəkləyəcək. Bu modellər yaxın həftələrdə lazımi proqram təminatı ilə yenilənəcək.
Əlçatanlıq: iOS 18.5 istifadəçiləri artıq CarPlay Ultra-nı sınaya bilərlər. Amma hələlik yalnız ABŞ və Kanadada satışa çıxarılan və aktivləşdirilən Aston Martin modellərində. Digər ölkələrdə bu sistemin 2025-ci il ərzində əlçatan olması gözlənilir.