Azərbaycanda ən böyük onlayn xidmətlər platforması Hesab.az və “ASAN xidmət” əhaliyə daha bir yenilik təqdim edib.
Trend-in məlumatına görə, dövlət ödənişlərinin Hesab.az vasitəsilə həyata keçirilməsi məqsədi ilə Hesab.az platforması ödəniş xidməti təçhizatçısı kimi “ASAN ödəniş” sisteminə inteqrasiya edilib.
Pilot olaraq Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) və Dövlət Gömrük Komitəsinin cərimə ödənişlərini Hesab.az saytı və mobil tətbiqi vasitəsilə onlayn həyata keçirmək mümkündür. “ASAN xidmət” ilə birgə tətbiq edilən bu xidmət gələcəkdə digər dövlət ödənişlərini də Hesab.az vasitəsilə onlayn həyata keçirməyə imkan verəcək.
Yeni ödəniş xidmətindən Hesab.az platformasında qeydiyyatdan keçmiş 310 000-dən çox mövcud istifadəçi, eləcə də istənilən digər yeni istifadəçilər yararlana bilər. Yaxın zamanda bu onlayn ödənişlər üzrə müxtəlif kampaniyaların keçirilməsi nəzərdə tutulub.
Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını və mobil tətbiqini təqdim etməyi nəzərdə tutur.