Xiaomi-nin tarixçəsi 2010-cu il aprelin 6-da başlayır. Şirkətin baş qərargahı Pekində yerləşir. Xiaomi brendinin yaradılmasında əsas rolu Ley Dzün (Lei Jun) oynayıb. 1992-2000-ci illərdə o, Çinin Kingsoft şirkətində sıravi mühəndislikdən baş direktorluğa qədər yüksələ bilib. Əvvəllər proqramçı olan Ley həmişə startaplara önəm və diqqət verib və bir neçə dəfə öz layihələrini uğurla həyata keçirməyə nail olub. Bu layihələrin arasında Joyo.com kitab, video və musiqi satışlarında ixtisaslaşan internet mağazası da var. Həmin xidməti Ley 2000-ci ildə qurmuşdu. 4 il sonra isə, 2004-cü ildə onu 75 milyon dollara Amazon-a satdı. Bu və daha bir neçə uğurlu layihələrinin sayəsində Ley Dzün Xiaomini təsis etmə ərəfəsində artıq milyarder idi.
Xiaominin adının düzgün tələffüz edilməsi çətinlik yaradan məsələdir. Düzgün variant «Syaomi»dir, vurğu son hecaya düşür.
2010-cu ildə Google əməliyyat sisteminin 2 yaşı tamam olmuşdu. O vaxtlar Androidin bir sıra nöqsanı vardı, sistem tam istiqrarla işləyə bilmirdi. Bunu nəzərə alan Ley Dzün öz məhsulunu yaratmaq üçün ətrafında elektronika sahəsinin ən perspektivli və təcrübəli mütəxəssislərini topladı. Onların arasında Google və Microsoft korporasiyalarının yerli işçiləri də var idi. Proqramçıların hamısı işinə sadiq olan elektronika fanatları idi, odur ki, onların var güclə işləyəcəklərindən şübhə edilmirdi. Qazandıqları Google və Android təcrübəsi isə bu mütəxəssislərin önəmini daha da artırırdı. İlkin mərhələdə layihəyə müxtəlif Çin və Sinqapur vençur fondları, eləcə də Qualcomm prosessor istehsalçısı investorluq edirdi.
16 avqust 2010-cu il tarixdə Xiaomi artıq özünün Android bazasında tərtib olunmuş MIUI proqramının ilk versiyasını buraxdı. Proqramın adı iki hissədən, «MI» və «UI»-dən ibarətdir. İlk hissənin mənası «mobil internet», eyni zamanda, «missiya yerinə yetirilə bilməz» (Mission Impossible) deməkdir. İkinci hissə isə «istifadəçi interfeysi» (User Interface) mənasını daşıyır. Bəzən proqramın adını «Me, You, I» (mən, sən və mən) kimi də yozurlar, çünki bu variant Xiaominin bu proqramda istifadəçiyə qarşı göstərməyə çalışdığı dost münasibətini əks etdirir. Proqramın iki tipi var. Stabil versiyalar ayda bir, tərtibatçılar üçün nəzərdə tutulmuş versiyalar isə həftədə bir çıxır. Qeyd edək ki, Xiaomi rəhbərliyi heç vaxt bu proqramı sırf öz qurğularında tətbiq etmək niyyətində olmayıb, əksinə, onu bütün istehsalçılara öz smartfonlarında istifadə etmək üçün təklif edir. Bunun sayəsində MIUI yüzlərlə müxtəlif smartfonlarda quraşdırılıb.
2011-ci ildə şirkət Xiaomi brendi altında ilk smartfonunu buraxdı. Bu, Xiaomi Phone adıyla məşhurlaşan Xiaomi MI1 modeli idi. Qurğunun Sharp tərəfindən təqdim olunmuş 854х480 piksellik 4″ displeyi, 1,5 GHz-lik, Adreno 220 qrafikalı, ikinüvəli Qualcomm Snapdragon S3 prosessoru, 1 Gb əməliyyat və 4 Gb quraşdırılmış yaddaşı və 1930 мА/s-lıq batareyası vardı. Yeni modelin interfeysi iOS-a oxşar tərtib olunmuşdu, lakin Android 4.2 əsaslı təzə MIUI sayəsində onun funksionallığı daha yüksək idi. Belə bir oxşarlıq bir çoxunun könlündən olsa da, tənqidçilər də az deyildi. İlk Xiaomi smartfonunun qiyməti 300 dollar təşkil edirdi. Qiymət o vaxta görə olduqca ucuz sayıla bilərdi. Bu qədər aşağı qiymət səviyyəsi onlayn satışlar və bəzi əhəmiyyətsiz nüanslar, o cümlədən, qablaşdırma materialları sayəsində əldə olunmuşdu. Xiaominin seçdiyi satış üslubu olduqca praktik idi. Belə ki, şirkət əvvəlcə ön sifarişləri toplayır, ardından öz istehsal xəttini işə salmadan iri zavodlarda istehsal sifarişi verirdi. Həmin yanaşma şirkətə tərtibat işlərinə daha çox diqqət yetirmək imkanı yaradırdı. Beləliklə, məhz ucuz qiymət, eləcə də Ayfonla oxşarlıq Xiaomiyə dünya miqyaslı şöhrət gətirdi.
Xiaomi məhsulları istifadəçilərin rəğbətini yüksək keyfiyyət, üstün xidmət səviyyəsi və düşünülmüş qiymət-keyfiyyət nisbəti ilə qazana bilib.
2012-ci ilin avqust ayında Xiaomi Mi2 buraxıldı. Növbəti modelin 4 nüvəli, 1,5 GHz-lik, Adreno 320 qrafikalı Qualcomm Snapdragon S4 Pro prosessoru və 2 Gb əməliyyat yaddaşı vardı. 2013-cü il sentyabr ayının 24-də Xiaomi son 11 ay ərzində satdığı Xiaomi Mi2 smartfonlarının sayını açıqladı: 10 milyon. Olduqca böyük rəğbət qazanan bu modeli Avstraliya, Avropa, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-dakı iri alverçilər həvəslə alırdı. Lakin bu smartfonların Çindən rəsmi ixracatı yalnız bir müddət sonra başladı. 2012-ci ildə şirkətin dəyəri 1 milyard dolları ötüb keçdi. O zaman Ley Dzün başda olmaqla Xiaomi rəhbərləri bazarın bütün seqmentlərinə daxil olmaq qərarına gəldilər. MiJia ekosistemin yaradılması məhz belə başladı.
2013-cü ildə şirkətin vitse-prezident vəzifəsinə Hüqo Barra gətirildə. Daha əvvəl o, Goggle-da, Android bölməsinin mətbuat attaşesi vəzifəsində 5 il işləmişdi. Barra Google şirkətini Sergey Brin ilə onun arasında yaranan gərgin münasibətlər üzündən tərk etməli olmuşdu. Gərginliyin səbəbi isə Barranın şirkətə gətirdiyi və bundan sonra Brinin həddindən çox diqqətinə məruz qalan rəfiqəsi idi. Xiaominin inkişaf sıçrayışını bir çoxları elə məhz Hüqonun bura gəlməsi ilə bağlayırlar. Barranın şirkətdəki bir çox prosesləri öz şəxsi nəzarəti altına alması smartfon dünyasında bir növ inqilaba və Çin keyfiyyəti haqqındakı mənfi stereotipin dağılmasına gətirib çıxartdı. Bir az irəli gedərək onu da qeyd edək ki, 2017-ci ildə Barra şirkəti tərk edib Feysbuka keçdi.
2013-cü il sentyabr ayının 5-də Xiaominin baş direktoru Ley Dzün Android platformalı, 3D interfeysli 47» Smart TV haqqında ilk bəyanat verdi. Televizor Tayvanın Wistron Corporation tərəfindən istehsal olacaqdı. Bu şirkətin istehsalçı olaraq seçilməsi onun daha əvvəllər Sony ilə birgə işləməsi ilə izah olunurdu. Elə həmin gün Xiaomi Mi3 smartfonu da elan olundu. Həmin model üçün Adreno 330 qrafikalı, 2 Gb əməliyyat və 16/64 Gb quraşdırılmış yaddaşlı, 3050 мА/s-lıq batareyalı 2,3 GHz-lik Snapdragon 800 prosessor nəzərdə tutulmuşdu. 5 düymlük, FullHD displeyi isə ayrıca qeyd etməyə dəyər. Satışlar elə həmin il, oktyabr ayında başladı və sadəcə ilk 3 dəqiqə ərzində tam 200000 smartfon satıldı! Ümumilikdə isə 2013-cü ilin sonunda 18,7 milyon, 2014-cü ilin əvvəlində isə daha 26,1 milyon smartfon satıldı.
2014-cü ildə Xiaomi öz biznesini Çinin xaricinə çıxaracağı barədə bəyanat verdi və ilk xarici ölkə Sinqapur oldu. Bunun üçün məhsulların xarici bazarlarda satışını və ümumilikdə Xiaomi şirkətinin xaricdəki fəaliyyətini nəzarət altında tutan xüsusi bölmə yaradıldı. Satışlara 2014-cü ilin mart ayında start verildi. Sinqapurun ardından Malayziya, Filippin və Hindistan gəldi, sonra isə İndoneziya, Tailand, Rusiya, Türkiyə, Braziliya və Meksika bazarları hədəf alındı. Həmin il mart ayının 17-də RedMi Note fableti təqdim olundu. Bu qurğu 1 Gb əməliyyat, 8 Gb quraşdırılmış yaddaşlı, və 2 Gb əməliyyat, 16 Gb quraşdırılmış yaddaşlı versiyalarda istehsal olunurdu. IDC şirkətinin məlumatlarına görə, 2014-cü ildə Xiaomi ən iri smartfon istehsalçıları reytinqində 3-cü yeri tuta bildi. 2014-cü ilin digər əlamətdar hadisələri arasında mi.com domeninin 3,6 milyon dollar kimi rekord qiymətə alışı qeyd etmək olar. Eyni ildə şirkət bəyan etdi ki, özünə məxsus olan televiziya məzmununun yaradılmasına 1 milyard dollarlıq sərmayə ayırır.
2015-ci ildə Xiaomi həm Hindistanın iki ən iri elektron ticarət saytında, həm də adi mağazalarda məhsullarını satışa çıxartmağa başları. Aprelin 24-də Ley Dzün və Hüqo Barra Xiaomi Mi4i modelini anons etdilər. Bu model şirkət tərəfindən Çindən əvvəl bir xarici ölkədə — Hindistanda satışa çıxarılan ilk smartfon oldu. Yeni smartfonla enyi vaxtda Mi Band fitnes trekeri də anons edildi. 2015-ci il iyunun 30-da şirkət artıq Braziliyada istehsal xəttini işə saldı. Burada RedMi 2 smartfonu istehsal olunmağa başladı. Başqa sözlə, şirkətin tarixində ilk dəfə smartfonların istehsalı Çin xaricində, satışları isə Asiyada deyil, başqa coğrafiyada həyata keçirilməyə başladı. Bu, Xiaominin qlobal miqyaslı planlarından xəbər verirdi.
Hələ yolun başında ikən, Xiaomi bazarın iri oyunçuların ideyalarından ilhamlanır və bəhrələnirdi. Lakin indi, üstündən cəmi 7 il keçdikdən sonra artıq başqaları Xiaominin ideyalarından bəhrələnir. Xiaomi artıq elə brend olub ki, öz üstünlüyünü kimə sə sübut etməyə ehtiyacı yoxdur. Şirkət daim innovasiyaları izləyir və bütün dünyada qiymətli kadrları aşkarlayıb özünə cəlb edir.
2016-cı ildə şirkət yeni smartfon modellərini buraxmağa davam edirdi. Bu modellərin arasında Mi5, Mi5S, 6,4″ Mi Max və ətrafında həqiqi qalmaqal yaradan çərçivəsiz Mi Mix var idi. Mi Mix сilk smartfon idi ki, ön tərəfinin 91,3%-lik hissəsini ekran tuturdu. Smartfonun keyfiyyətli hissələri mükəmməl keramik korpusa yerləşdirilmişdi. Snapdragon 821 prosessor, 16 Мр-lik kamera, 2040х1080 piksel ölçülü 6,4» displey və 4400 мА/s həcmli batareya smartfonu gerçəkdən üstün vəziyyətə gətirirdi. Məhz bu smartfonla Bezeless telefon konsepsiyası yarandı. Üstündən bir il keçmədən Xiaomi bəzi xırda nöqsanları aradan qaldıraraq növbəti Mi Mix 2 modelini buraxdı.
Elə həmin ildən başlayaraq şirkət özünü smartfonla əlaqəsi olmayan bazarlarda da göstərməyə başladı. Artıq istifadəçilərə Xiaomi brendli ekşn və nəzarət kameraları, müxtəlif alətlər, ruterlər, qulaqlıqlar, işıqlandırma qurğuları, tonometrlər, geyim, çantalar, kabel və məftillər, televiziya qəbulediciləri, giroskuterlər, noutbuk və planşetlər, xarici akkumulyatorlar, fitnes trekerlər, hava təmizləyiciləri, velosiped, kvadrokopter, hətta elektrik üzqırxanlar təqdim olunmağa başladı. Sadaladığımız siyahını hələ xeyli uzatmaq olar. Digər tərəfdən, adıçəkilən məhsulların bir çoxu Xiaomi təfərindən deyil, başqa mütəxəssislər tərəfindən tərtib olunub. Bəziləri birgə layihələrin məhsuludur, bəzilərinin üzərinə isə Xiaomi mənfəətini düşünərək üçün öz brendini vurur. Xiaomi bundan həm maddi gəlir, həm də brendinin yayılması üçün əlavə bonus alır. Tərəfdaşlar da öz növbəsində bunun faydasını görür, çünki Xiaomi brendi artıq böyük rəğbət və etibar qazanıb.
Cəmi 7 il öncə yaradılmış bir şirkət məhz belə ən yüksək zirvələrə ucala bildi. Şirkətin 2017-ci il ərzində əldə etdiyi göstəricilərə görə, Xiaominin sadəcə smartfon satışlarından əldə etdiyi gəlirləri 16,8 milyard dollar təşkil edəcək. Forbes jurnalının tərtib etdiyi dünyanın ən varlı adamları reytinqinin 23-cü pilləsində qərarlaşan Ley Dzün 2017-ci il ərzində 70 milyon smartfon satmaq niyyətində idi, lakin indidən bəlli olub ki, satışlar bu səviyyəni xeyli üstələyib. Hələlik isə 200 milyonluq MIUI istifadəçi ordusu hər həftə olmaqla proqram və tətbiq yeniləmələrini yükləməyə davan edir. 2017-ci ildə aparılan dəyərləndirmələrə görə Xiaominin dəyəri 69 milyard dollar olaraq müəyyən edilib. Son məlumatlara görə, şirkət Nyu-York Fond Birjasında İPO-ya hazırlaşır. Belə olduqda şirkət daha çox investor cəlb edə biləcək və daha yüksək zirvələrə yönələcək. Hazırda şirkətdə 8000 nəfər əməkdaş işləyir. Bunların çoxu Çinin qitə hissəsində, Malayziyada, Hindistanda və Sinqapurda yerləşir. Mi loqotipli məhsullara dünyanın bütün iri onlayn mağazalarında, o cümlədən, Amazon, Flipkart, Paytm və digərlərində rast gəlmək olar.
Məhsulları 89 uğurlu startap tərəfindən istehsal olunan Xiaomi ekosisteminin Azərbaycandakı rəsmi nümayəndəsi və təchizatçısı MiMobile (www.mimobile.az) şirkətidir. MiMobile tərəfdaşlara Xiaomi məhsullarının tam spektri ilə yanaşı, geniş zəmanət və zəmanətsonrası xidmətləri göstərir. Oxucularımıza həqiqi Xiaomi məhsullarını rəsmi təchizatçıdan almağı önəmlə tövsiyə edirik.