2011-ci ildə çıxan şüter oyunu Homefront həm geymerlər, həm də tənqidçilər tərəfindən olduqca soyuq qarşılanmışdı. Oyunun yeni Homefront: The Revolution versiyası çıxana qədər ötən 5 il ərzində bir çox şey baş verdi: nəşriyyatçı həlak oldu, yaradıcı şirkət başqa şirkətin tərkibinə daxil oldu, franşiza haqqı satıldı, nəhayət, yeni versiyanın yaradılması başqa studiyaya tapşırıldı. Lakin, görünür ki, bu yarı-kriminal, yarı-dramaya bənzəyən ağılasığmaz əhvalat belə oyunun ciddi irəliləyişinə təkan verə bilməyib. Bunun nədən belə olduğunu anlamağa çalışaq.
Əsaslı şəkildə hazırlanmış rəvayətə görə, alternativ gələcəkdə Şimali Koreya texnoloji fövqəldövlətə çevrilib və ABŞ-ın ən iri hərbi texnika təchizatçısı olub. ABŞ-da isə o ki var, regional konfliktlər meydana gəlir. Hərbi texnikasını almaq üçün elə Koreyanın təqdim etdiyi kreditlər Amerika iqtisadiyyatını məhv edir və ölkədə defolt baş verir. Koreya ordusu humanitar missiya adı ilə əslində təcavüzə əl atır. Nəticədə bütün ölkə müharibə arenasına çevrilir. The Revolution hadisələri yerli gizli inqilabi təşkilatların Asiyalı təcavüzkarlara qarşı sui-qəsd hazırlaması ilə başlayır.
Alternativ tarixlə yanaşı The Revolution partizan müharibəsi ideyasına arxalanırdı. Bu ideya müəyyən qədər uğur qazana bildi. Belə ki, oyunun ilk hissəsində düşmən o qədər güclüdür ki, ona gözlənilməz zərbə endirib dərhal gizlənməkdən başqa çarə qalmır. Amma bazaya qayıtmaq da asan iş deyil, çünki koreyalılar olduqca inadkardırlar və baş qəhrəmanın qiyamçı düşərgəsində olduğunu bilsələr, oranı dərhal atəşə tutacaqlar. Onlar baş qəhrəmanı ara vermədən tank, dron və zirehli piyadalardan istifadə edərək ovlamağa çalışırlar. Amma burada onu da qeyd etmək lazımdır ki, baş qəhrəman bazada olmadıqda koreyalılar həmin bazaya qətiyyət fikir vermirlər — bu isə oyunun kifayət qədər təkmilləşdirilmədiyindən xəbər verir. «Qırmızı zona» adlanan yerlərdə koreyalılar və amerikalılar mütamadi olaraq qarşılıqlı atışma apararkən, yolun o biri tayındakı bazada həyat sakitçə, adi qaydada davam edir. Həyatın demək olar ki, sülh şəraitində davam etdiyi «sarı zona»larda isə əli silahlı və sursatlı qiyamçılar koreyalıların burnunun dibində sərbəst dolaşırlar, asiyalılar isə sanki onları görməzlikdən gəlirlər. Üstəlik, qiyamçıların baş qəhrəmana münasibətləri də birmənalı deyil. O, oyun boyu silahlarına qənaət etmək, hamının unutduğu gizli yerlərdə özünə dava-dərman axtarmaq məcburiyyətində qalır.
Partizan müharibəsi elementlərini hesaba almadıqda Homefront: The Revolution oyununda onu yüzlərlə eyni tipli şuterlərdən fərqləndirə biləcək bir şey qalmır. Bir-birinə bənzəyən tapşırıqlar, açıq dünya — bunlar artıq heç kimi təəccübləndirə bilməz, nadir süjet epizodlarında isə bacarıqlı rejissorun yoxluğu hiss olunur. Öz növbəsində, artıq bir neçə il geridə qalmış qrafika da, kobud formalı personajlar və nəqliyyat vasitələri də oyuna heç bir müsbət töhfə vermir. Nəhayət, oyunun əsasən dar küçələrdə qısa məsafələrə sıçrayaraq patrullarla gizlən-paç oynamaqdan ibarət olması açıq dünya üçün olduqca önəmli sayılan azadlıq və sərbəstlik hissini də yox edir.
Koreyalıların avanpostları bir qayda olaraq bir qrup uzağı görməyən və ayaqları pilləkanlara ilişən qorumalar tərəfindən mühafizə edilir. Onları öldürmək də lazım gəlmir. Sadəcə düşmən bazasına astaca girib hədəfinizə doğru irəliləyin. Primitiv mini-oyun oynayaraq sistemi sındır, bir-iki saniyə ventili ora-bura çevir, elektrik cərəyanını bərpa et — vəssəlam: qiyamçı qüvvələr səndən bundan artığını tələb etmir. Siz bunları edən kimi, oyun arxada qalan on-on beş nəfər koreyalıları dərhal elə unudacaq ki, sanki onlar heç olmayıblar. Yeri gəlmişkən, qəhrəmanınızdan da nigaran qalmayın. Son anda onu həmişə xilas edəcəklər. Düzdür, o, on dəqiqə keçmədən yenə başını növbəti bəlaya soxacaq, amma narahat olmayın — onu yenə xilas edəcəklər. Beləliklə, eyni əhvalat köhnə val kimi dəfələrlə təkrar olunacaq.
Tədricən çıxan modifikasiyalara baxmayaraq The Revolution oyununun arsenalı şuter həvəskarlarını çətin ki, sevindirsin. Atışma effektləri burada Mass Effect və ya Deux Ex-ə bənzəyir. Atəş açdıqda silahın tərs təpməsini hiss etməyəcəksiniz, alınan yaranın ölümcül olduğu isə yalnız personaj öləndən sonra məlum olacaq. İş ora qədər çatıb ki, oyunun ən maraqlı hissəsi müxtəlif əşyaların axtarışıdır. Əhvalatın baş verdiyi Filadelfiyada evlər hündür deyil, lakin 4-cü — 5-ci mərtəbələrdə gizli xəzinələr, radiostansiyalar, hətta potensial dayaq nöqtələrinə rast gəlmək olar. Balkondan balkona, yanğın nərdivanlarına tullanmaq, motosikletlə tramplindən yuxarı sıçramaq çox əyləncəlidir. Amma etiraf edək ki, qalan şeylərdə yeni Homefront: The Revolution oyununu «belə də…», «darıxdırıcıdır» kimi ifadələrlə səciyyələndirmək olar.
Sevindirici məqam yalnız odur ki, oyunun başlanqıc rəvayətində Şimali Koreya güya texniki sıçrayış həyata keçirərək fövqəldövlətə çevrilir. Əslinə baxanda isə The Revolution bir çox oyundan toplanan assortidən başqa bir şey deyil, üstəlik, oyunun bütün elementləri ortabab səviyyəsində, qrafika isə hətta təəccüb doğuran miyanə səviyyədədir. Personajların teksturaya ilişən ayaqları, qəhrəmanın yanında birdən-birə peyda olan düşmənlər elə təəssürat yaradır ki, oyunun keyfiyyətinə nəzarət etməklə heç kim ciddi məşğul olmayıb. Far Cry, Resistance və Saboteur olmasaydı, Homefront oynamağa əsas daha asan tapılardı. Çox istəsən, oyuna alışmaq da olar, hətta bəzi hissələrdən həzz almaq da olar, amma… nəyin xətrinə?!
- Platforma: PC, PS4, Xbox ONE
- Janr: Şuter
- Yaradıcı heyət: Crytek Studios
- Nəşriyyatçı: Deep Silver
- Buraxılış: 17 may 2016
- Sayt: www.homefront-game.com
- Yaş həddi: 18+
РС üçün tövsiyə edilən sistem tələbləri:
- Əməliyyat sistemi: Windows 7 / 8 /10 (64-bit);
- Prosessor: Intel Core i5-2500K 3,3 GHz və ya AMD FX-8320 3,5 GHz;
- Əməliyyat yaddaşı: 8 Gb;
- Videokart: GeForce GTX 760 (2 Gb) və ya Radeon HD 7870 (2 Gb);
- Sərt diskdə 38 Gb boş yer.