spot_img
25 ноября, 2024
ДомойСайтыОбзорыElmə doğru açıq keçid

Elmə doğru açıq keçid

Bugün web dünyasının «selfi» və pişik fotoşəkilləri ilə dolub daşdığından istədiyiniz qədər şikayət etmək olar, amma bu da bir gerçəkdir ki, artıq İnternet hər kəsin əli eyni dərəcədə çata biləcək elmi bilik və məlumatların saxlancına çevrilib. Əlbəttə ki, bu, özü-özündən olmayıb. Bu, elmin bəhrəsini bütün cəmiyyətin sərvəti hesab edənlərin səyləri ilə baş verib. Məhz həmin entuziastlar qlobal şəbəkəni elmi biliklərin hamıya əlçatan olması üçün istifadə edirlər. Öz növbəsində, elmi əsərlərin belə əlçatan olması təkçə cəmiyyətin deyil, elə elmin də inkişafına yeni təkan verir.

Aparılan ciddi araşdırmalar sübut etdi ki, elmi məqalələrin açıq mənbələrdə dərc olunması onlara istinad etmə səviyyəsini artırır. Bir alimin əsəri ilə nə qədər çox insan tanış ola bilsə, həmin əsərə başqa bir araşdırmaçı-alimin müraciət etməsi ehtimalı bir o qədər yüksələr. Bu, həm müəllif üçün, həm də ümumilikdə elm üçün faydalıdır.

Açıq keçid (Open Access) termininin mənası qlobal məlumat şəbəkəsinin bütün istifadəçilərinə hər hansı maddi, hüquqi, ya da texniki maneə qoyulmadan (məsələn, məlumatı endirmək üçün qeydiyyatdan keçmədən) elmi və tədris materiallarını tam həcmdə əldə etmək imkanı verən pulsuz keçid deməkdir. Open Access modeli ABŞ-da elmi jurnalların yüksək abunə haqqına reaksiya kimi yaranıb inkişaf etməyə başladı. Bunun digər səbəbi də vardı: həmin səbəb elmi biliklərin operativ şəkildə mübadiləsinə ehtiyacdan irəli gəlirdi. Sözü gedən termin əvvəlcə 2002-ci ildə Budapeştdə qəbul olunan Elmi və Humanitar Biliklərə Açıq Keçid haqqında Bəyannamədə, daha sonra da 2003-cü ildə Berlin Bəyannaməsində öz əksini tapdı (Open Access to Knowledge in the Sciences and Humanities).

Əlbəttə ki, açıq mənbələrdən təqdim olunan elmi məzmunlar öz keyfiyyətini itirməməlidir. Buna görə elmi əsərləri açıq mühitdə dərc edən onlayn jurnalların elmi referat sistemləri var. Tələblərə cavab verən jurnallar İsveç milli kitabxanasının və Stokholm Kral kitabxanasının əməkdaşçları tərəfindən yaradılan Directory of Open Access Journals (DOAJ — https://doaj.org/) adlı xüsusi kataloqda qeydiyyata alınır.

doaj

Elmi əsərləri şəbəkədə yerləşdirmənin digər yolu isə universitetlər və kitabxanalar nəzdində elektron arxivlərin yaradılmasıdır. Belə arxivlərdə yerləşdirilən elmi əsərlərə istifadəçilərə həmin əsərləri müəllifə istinad etmək şərtilə faydalanmaq imkanı verən Creative Commons lisenziyası verilir. Elmi işin universitenlərin və ya digər elmi ocaqların elektron arxivlərinə yerləşdirilməsi onun elmi jurnalda, ya da resenziyalı elmi əsərlər toplusunda yerləşdirilməsinə bərabər tutulur. Əsərin yerləşdirilməsi təşəbbüsü həm təşkilat, həm də müəllifin özündən irəli sürülə bilər.

Qeyd etmək lazımdır ki, bir çox iri elektro kitabxana elmi populyarlaşdırmaq naminə alimlərin əsərlərinə açıq keçidin təqdim olunması ilə kifayətlənməyərək müxtəlif elmi cəmiyyətlərin qurulmasına, bu cəmiyyətlərin fəaliyyətinin təbliğ olunmasına dəstək verir.

Belə kitabxana və ya repozitoriyalardan biri PLOS (Public Library of Science — https://www.plos.org/) açıq elmi kitabxanadır. Hazırda həmin kitabxanaların ən irilərindən biri sayılan PLOS əsrin əvvəllərində yaradıldıqda, sərbəst lisenziyalı elmi əsərləri dərc edən onlayn jurnallar üçün platforma kimi nəzərdə tutulmuşdu. İlk belə jurnal PLOS Biology idi. Bugün isə artıq tibb, hesablama biologiyası, genetika, epidemiologiya, tropik xəstəliklər üzrə ixtisaslaşan, habelə bir neçə elmi sahəni birləşdirən PLOS ONE (http://journals.plos.org/plosone/) jurnalları dərc olunur.

plos

PLOS biznes modeli elə qurulub ki, materialların dərc olunması müəlliflərin, ya da onları təmsil edən qurumların hesabına həyata keçirilir. Nadir hallarda materiallar pulsuz dərc olunur. Bundan başqa, elmi cəmiyyətlər PLOS platformasında öz bloqlarını yarada (http://blogs.plos.org/everyone/), eləcə də araşdırma nəticələrinin mübadiləsini apara bilər.

plos_oneplos_blog

Bu sahədə Avropanın ən iri layihələrindən biri sayılan OpenAIRE (https://www.openaire.eu/) qitə alimlərinin əsərlərinə açıq keçid təmin edir. Bu yaxınlarda adı çəkilən repozitoriyada «KiberLeninka» elmi elektron kitabxanasında yerləşdirilmiş yarım milyona yaxın rusdilli məqaləyə keçid açılıb.

open_aire

Elmi əsərləri açıq formatda təqdim edən «KiberLeninka» (http://cyberleninka.ru/) kitabxanası, demək olar ki, geniş oxucu kütləsi üçün ən əlçatan və asanlıqla istifadə oluna bilən rusdilli mənbədir. Kitabxana özündə Rusiyanın elmi jurnallarında dərc olunmuş məqalələri, eləcə də dissertasiya araşdırmalarının nəticələrini cəmləşdirir.

cyber_len

Minlərlə elmi təşkilatlar öz əməyinin nəticələrini bütün bəşəriyyətə çatdırmaq istəyir və bunun üçün də özünün elektron arxivlərini yaradır. Bunu nəzərə aldıqda istifadəçiyə lazım olan əsəri tapmağın nə dərəcə mürəkkəb iş olduğunu anlamaq çətin deyil. Məsələni asanlaşdırmaq üçün İnternetdə bir çox repozitoriyaların elektron kataloqları yerləşdirilib. Həmin kataloqlarda artarış burada qeydiyyatda olan bütün mənbələri əhatə edir. Bunların arasında Open DOAR (Directory of Open Access Repositories — http://www.opendoar.org/) və Registry of Open Access Repositories (http://roar.eprints.org/) xüsusilə qeyd oluna bilər.

Əgər sizi maraqlandıran əsər məqalə deyil, kitabdırsa, onda birbaşa Directory of open access books (http://www.doabooks.org/) açıq kitab kataloquna müraciət edin. Haaqa milli kitabxanasının nəzdində yaradılmış bu kataloq nəşriyyatların və kitab saxlanclarının saytlarında resenziyalı kitabların axtarışını həyata keçirir.

YUNESKO-nun da özünün repozitoriya kataloqu var. Global Open Access Portal (http://www.unesco.org/new/en/communication-and-information/portals-and-platforms/goap/thematic-areas/) portalının özünün material axtarış sistemi olmasa da, burada mənbələri rahatlıqla region, təşkilat və ya mövzu üzrə axtarmaq olar.

Digital Commons Network (http://network.bepress.com/) kataloqu dünya üzrə yüzlərlə universitet və kolleclərdə yaradılmış elmi işləri axtarmaq üçün olduqca rahat alətdir. Bu şəbəkəyə sayı mütəmadi artmaqda olan resenziyalı jurnal məqalələri, elmi kitab fəsilləri, dissertasiya, habelə elmi konfransların materialları kolleksiyası daxildir. Bununla yanaşı, həmin mənbə asan qrafik formada müxtəlif mövzulara həsr olunmuş elmi işləri təqdim edir.

Digital Commons Network

Açıq keçidli elmi əsərlərin axtarışını həyata keçirə bilən mənbələrin sayı bir məqalədə sadalaya biləcəyimizdən xeyli çoxdur. Mühüm olan odur ki, müasir elm yalnız hündür keçilməz hasar arxasında yerləşən qapalı elmi-tədqiqat institutlardan ibarət deyil. Müasir elm həm də əldə etdiyi nailiyyətləri paylaşmağa hazır olan, bundan istifadə edərək ümumbəşəri problemləri həll etmək üçün səy göstərən elm dünyasıdır.

Əgər Massaçusets Texnologiya Universiteti tələbələrinin hansı problemləri həll etmək uğrunda çalışdıqları, gen mühəndisliyi sahəsində bu il hansı ixtiraların baş verdiyi sizi maraqlandırırsa, bu barədə açıq mənbələrdə oxuya bilərsiniz.

Bu məqalə newtonew.com materialları əsasında hazırlanıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -