spot_img
22 ноября, 2024

Samsung CIS Forum 2016

Fevral ayının 16-da Samsung şirkəti Portuqaliyanın Eştoril sahilində CIS Forum 2016 tədbiri çərçivəsində müxtəlif kateqoriyalar üzrə öz yeni innovativ məhsullarını nümayiş etdirdi.

Samsung CIS Forum 2016

CIS Forum müxtəlif ölkə və regionlarda fəaliyyət göstərən tərəfdaşlar, habelə media mənsubları üçün şirkətin yenilikləri ilə, növbəti il üçün planları ilə tanış olmağa imkan verən illik tədbirdir. Hər il olduğu kimi texnoloji yenilikləri və innovasiyaları ilə fərqlənən Samsung Electronics bu il də tədbir iştirakçılarının diqqətini müxtəlif kateqoriyalardan olan məhsulları ilə, o cümlədən, televizor, musiqi barları, məişət texnikası, smartfon, ağıllı saat, virtual reallıq eynəkləri ilə cəlb etdi. Bir çox ziyarətçilər sərgilənən qurğuların xüsusiyyətlərini test etmək, onların müasir dizaynını, yüksək keyfiyyətini, habelə istifadədə nə qədər rahat olmasını qiymətləndirmək üçün yaradılmış imkandan faydalandılar.

Samsung CIS Forum 2016

Forumun əvvəlində Samsung şirkətinin MDB ölkələri üzrə baş qərargah direktoru cənab Kim I Tak çıxış etdi. Çıxışına tədbirdə iştirak edən bütün tərəfdaşları və media nümayəndələrini salamlayaraq başlayan top menecer əvvəlcə şirkətin 2016-cı il üçün strategiyası və gözləntiləri haqqında məlumat verdi, şirkətin əsas məqsədinin premium-brend imicinin yaradılmasından ibarət olduğunu vurğuladı. Cənab Takın bildirdiyi kimi, «2016-cı ildə Samsung mobil ekosistemin inkişafı və elmi tədqiqatların davam etdirilməsi üzərində fokuslanacaq». Qeyd etmək lazımdır ki, elmi araşdırmalara və tədqiqatlara hər il milyardlarla vəsait ayıran Samsung şirkəti ötən il ərzində bu sahəyə 14,1 milyard dollar pul xərcləyib. Cənab Tak həmçinin açıq qaynaqlı Tizen əməliyyat sisteminin inkişafı üzərində aparılacaq işlərdən söhbət açdı və bu sistemin B2C və B2B sahələri üçün ən optimal sistem olacağını qeyd etdi.

Samsung CIS Forum 2016

Kim I Tak Samsunqun televizor alıcılarının gözündə ilk və yeganə premium-brend olmaq istədiyini vurğuladı. Bu mövzunu geniş şəkildə Samsung şirkətinin Rusiya nümayəndəliyi audio və videoqurğular üzrə departamentinin rəhbəri Dmitriy Kartaşev davam etdirdi. Bu sahədə şirkətin əsas məqsədinin görünüşdə maksimal keyfiyyət təmin etmək olduğunu bildirən Dmitriy Kartaşev iddia etdi ki, «bu işin öhdəsindən Samsung televizoru qədər başqa heç bir şey gələ bilməz». Cənab Kartaşev forum iştirakçılarına Samsung şirkətinin ən son SUHD TV modeli KS9000 televizorunu təqdim etdi. Quantum Dot Display texnologiyası ilə təchiz olunmuş qurğu 1000 nit HDR ilə görünüşü daha rəngarəng və parlaq edir, 1 milyardadək rəng çalarlarını əks etdirə bilir. (KS9000 modeli haqqında daha ətraflı məlumat məqalənin televizor icmalı bölməsində verilib.)

10

Bundan sonra çıxış edən Samsung şirkətinin Rusiya nümayəndəliyi Məişət texnikası departamentinin direktoru Andrey Mamuşkin sözünə ötən il ərzində əldə olunmuş uğurlarla başladı. Şirkətin məişət texnikası üzrə MBD üzrə bir neçə seqmentdə lider mövqeini tutduğunu xatırladaraq, onun mikrodalğa sobalar üzrə 30%, tozsoranlar üzrə 32%-lik bazar payına sahib olduğunu qeyd etdi. Paltaryuyanların yeni innovativ imkanları haqqında bəhs edən Andrey Mamuşkin dedi: «Samsung şirkəti həmişə öz müştərilərinin sorğu və istəklərini nəzərə alaraq, onların rahatlığı, habelə istifadəçi təcrübələrinin artması üçün yeniliklər təqdim edir. İndi isə son illər aparılan araşdırmaların nəticəsi kimi diqqətinizə AddWash texnologiyasını təqdim edirik. Bu yenilik sayəsində yükləməyə unutduğunuz paltarları yuma prosesi başladıqdan sonra xüsusi konteynerə yerləşdirib paltaryuyana əlavə etmək mümkün olub». Cənab Mamuşkin Eco Bubble texnologiyası barədə də məlumat verdi. Bu texnologiya paltaryuma prosesi başladıqda yuyucu vasitəni su damlaları ilə köpük kürələrinə çevirir. Bununla da mükəmməl vəziyyətə gələn köpük parçaya asanlıqla daxil olaraq çirk və ləkələri həm effektiv, həm də paltara ziyan vurmadan təmizləyir. Eyni zamanda, Wi-Fi şəbəkəsinə qoşulması sayəsində paltaryuyan məsafədən idarə oluna bilir və beləliklə, istifadəçinin işini xeyli asanlaşdırır.

Samsung CIS Forum 2016

Çıxışın ikinci yarısı yeni soyuducular, soba dolabları və tozsoranlara həsr olunmuşdu. Şirkət nümayəndəsi iç divar qalınlığının azaldılması hesabına soyucuların daxili həcminin 80 litrə çatdırıldığı (SpaceMax), eləcə də Twin Cooling texnologiyası vasitəsilə soyuducu və dondurucu kameralarda yaradılan iki müxtəlif hava axını ilə ərzaqların qorunub saxlanılmasını təmin edən optimal temperatur və nəm rejimi barədə məlumat verdi. Bununla yanaşı qeyd olundu ki, yeni Samsung soyuducularının arxa divarında yerləşdirilən xüsusi metal lövhə (Metal Cooling) əlavə soyutma imkanı yaradacaq. «Samsung şirkətinin soba dolablarında tətbiq etdiyi Dual Cook texnologiyası köməyilə isə siz iki xörəyi iki müxtəlif temperaturda eyni vaxtda hazırlaya biləcəksiniz. Ən maraqlı məqam ondan ibarətdir ki, yemək hazırlama prosesində xörəklərin qoxusu bir-birinə qarışmayacaq» — bunları qeyd edərək, Andrey Mamuşkin məişət texnikasının növbəti seqmenti, tozsoranların təqdimatına keçid aldı. «Bilirsiniz ki, istifadəçilərin 75%-i tozsoranın əsas problemlərindən biri kimi onun sorma gücünün işlədikcə azalmasını qeyd edirlər? Diqqətnizə inqilabi yeniliyi — Anti-Tangle Turbine texnologiyasını təqdim edirik! Konteynerin içində quraşdırılmış əlavə yüksəksürətli turbina təkanverən güc yaradıb hava kütləsini böyük toz parçalarından azad edir. Bununla da tozsoranınız istədiyiniz qədər tam güclə işləyəcək». Məişət texnikası departamentinin direktoru öz çıxışının sonunda robot-tozsoran VR9300 barədə məlumat verib onun rəqib qurğulara nisbətən 80 dəfə güclü olduğunu qeyd etdi. (Daha ətraflı məlumat məqalənin tozsoran qurğuları icmalı bölməsində verilib.)

Samsung CIS Forum 2016

Çıxsaylı innovativ yeniliklər haqqında söhbəti Samsung Rusiya nümayəndəliyinin Mobil avadanlıqlar üzrə başçısı Arkadiy Qraf davam etdirdi. Cənab Qraf 2015-ci ilin bazar icmalı, 2016-cı il üçün strategiyalar, yeni məhsul xətti və marketinq strategiyası haqqında geniş məlumat verdi. «Samsung şirkəti dünyada liderlər arasında yer alır və Interbrand reytinqi üzrə TOP10-luğa daxildir. Şirkətimiz smartfon bazarında öz liderliyini qoruyub saxlamağa, planşet seqmentində isə 2-ci yeri tutmağa davam edir. 2016-cı ildə Samsung şirkəti ənənəvi olaraq əsas qurğu üzərində deyil, bir-biri ilə qarşılıqlı əlaqədə olan bütün qurğuların ekosisteminə fokuslanacaq» — deyə, Arkariy Qraf bildirib. Planşet bazarına həmişə yeniliklər gətirən Samsung şirkəti bu dəfə də yeni Galaxy TabPro S məhsulunu təqdim etdi. Qurğu Microsoft şirkətinin əməliyyat sistemi əsasında işləyir.

Cari il ərzində şirkət mobil qurğuların ekosistemi layihəsi çərçivəsində Azərbaycan bazarında Gear S2 ağıllı saatlarını və Gear VR artırılmış reallıq eynəklərini təqdim edərək səylərini bu qurğuların geniş yayılmasına yönəldəcək. Öz çıxışında A.Qraf Gear S2 klassik modelinin təqdimatına xüsusi yer ayırdı. Bu qurğunun hazırlanmasında çəhrayı qızıl və platindən istifadə olunub. Qrafın qeyd etdiyi kimi, «2016-cı ildə Gear VR qurğusunun daha geniş smartfon xətti ilə işləməsi planlaşdırılır. Belə ki, flaqmanla yanaşı başqa yeni smartfonlar da bu qurğunu dəstəkləyəcək».

Samsung CIS Forum 2016

İnnovativ yeniliklərlə bağlı çıxışlar davam edərkən səhnədə yer alan Samsung MBD ölkələri üzrə Korporativ əlaqələr şöbəsinin direktoru Sergey Pevnev şirkətin Korporativ Sosial Məsuliyyət sahəsində ötən il həyata keçirdiyi layihələrlə bağlı ətraflı çıxış etdi. «Biz bütün təcrübəmizi və insan resurslarımızı qabaqcıl texnologiya və həllərlə yanaşı, həm də cəmiyyətin inkişafına yönəldirik» cümləsi ilə öz çıxışına başlayan Sergey Pevnev, forum iştirakçılarını Samsung şirkətinin IT məktəbi, mədəniyyət və təhsil sahəsi üzrə layihələr, World Skills Olympic, habelə müalicə olunduqlarına görə tədris prosesindən məcburən kənarda qalan uşaqlara dəstək proqramları barədə məlumat verdi. (Yeri gəlmişkən, ötən illər ərzində Samsung şirkəti Bakının 132 və 134 saylı məktəblərində Samsung Smart School layihəsini həyata keçirmiş, məktəbliləri şirkətin son texnologiya məhsulları ilə təchiz etmişdi.)

Tədbirdəki son çıxışı Samsung şirkətinin Ağıllı və Rəqəmsal qurğular üzrə direktoru Yon Hu Çoi etdi. O, ağıllı ev və ağıllı qurğular barədə danışdı. Şirkətin bir çox qurğular, o cümlədən, mikroprosessorlar, smartfonlar, məişət texnikası, audio və videotexnika istehsal etdiyini nəzərə alanda aydın olur ki, bütün bunları ümumi «ağıllı ev» infrastrukturasına toplamaq çox asandır. Burada bir çox misal gətirmək olar. Məsələn, sizin soyuducunuz hansı məhsulun qurtardığını müəyyən edib həmin məhsulu İnternet vasitəsilə sifariş edir. Və ya siz mağazada olarkən smartfonla soyucunun içindəki kameraya qoşulub hansı ərzaqların alınması lazım olduğunu müəyyən edə bilərsiniz. Televizora baxarkən ekrandan qapınızın zəngini kimin çaldığını da görə bilərsiniz. Bütün bu imkanlar nəinki rahatlıq, həmçinin qənaət etməyə yol açır. Təsəvvür edin: valideyn uşağın evə qayıtdığını məsafədən eşidib görə bilir. Ya da ki, televizor və işıqlandırma sistemi sizin yuxuya getdiyinizi hiss edib özü özündən sönür.

Samsung CIS Forum 2016

Şirkət bütün «ağıllı» qurğular arasında vahid əlaqənin yaradılmasını əsas məsələlərdən biri kimi görür. «Ev üçün ağıllı kilid aldıqda onu smartfona və ya televizora qoşmaq üçün usta çağırmalı olmayacaqsınız. Hər şey sürətli, sadə və rahat olmalıdır» deyə, Yon Hu Çoi bildirib. Çıxışına davam edərkən cənab Çoi iştirakçılara şirkətin daha bir yeni məhsulu — «Bioprossesor»u təqdim etdi. Bu cihaz tənzimləyici dəsti və xüsusi mobil tətbiq vasitəsilə istənilən an səhhətinizi yoxlaya bilər. Bioprosessor çəkinizi, əzələlərinizin vəziyyətini və stress səviyənizi müəyyən edir. Şirkətin nümayəndələri hesab edirlər ki, bioprosessor fitnes və sağlamlığa nəzarət qurğularını yeni səviyyəyə çıxaracaq.

Məhsullarin icmali

Televizorlar

TV istehsalı və satışları üzrə dünya lideri olan Samsung şirkəti CIS Forum 2016 tədbiri çərçivəsində SUHD televizorların yeni, həqiqətən heyrətamiz sayıla biləcək xəttini təqdim etdi. 2016-cı ilin dünyada ilk çərçivəsiz, qövsvari dizaynlı SUHD televizorları kvant nöqtəli ekran (Quantum Dot Display) sayəsində təsvirin misilsiz keyfiyyətini, eləcə də əyləncə məzmununun idarə edilməsi rahatlığını təmin edir. Bundan əlavə, 2016-cı il SUHD televizorlarının bütün xətti ağıllı texnologiyaları dəstəkləyir, bununla da televizoru ağıllı ev ekosisteminin bir hissəsinə çevirə bilir. 2016-cı il modelləri işıqlandırmadan asılı olmayaraq optimal görüntü keyfiyyətinə zəmanət verir. Yeni modellər açıq və tünd görünüşlər arasında kontrastın artırılması üçün genişləndirilmiş dinamik diapazon (HDR) təmin edir. Yeni UltraBlack texnologiyası isə görünüş keyfiyyətinin artırılması üçün parıltı və əksolunmanı əhəmiyyətli dərəcədə azaldır.

Samsung CIS Forum 2016

Yeni SUHD televizorlar dünyada yeganə kvant nöqtəli 10-dərəcəli kadiumsuz ekranla təchiz edilmişdir ki, təbii görünüşə ən yaxın təsvirin keyfiyyəti ilə inanılmaz parlaqlıq və kontrast, ən incə həqiqi rəng çalarlıqlarını əks etdirə bilir. Dünyada ilk çərçivəsiz qövsvari televizora baxmaq doğrudan da inanılmaz təəssüratlar yaradır. Adətən təsvirin sərhəddi kimi görünən çərçivənin mövcud olmaması tamaşaçını ekranda baş verənlərə tamamilə qərq edir. Qabaqcıl dizayn həllərinə öz sədaqətini qoruyan Samsung ilk dəfə arxa paneldən bütün artıq detalları yığışdırıb televizorun dizaynını daha zərif və estetik hala gətirib.

1

Tizen əməliyyat sistemi əsasında işləyən Samsung SmartTV2016 televizorlarında istifadəçilərə məzmun və xidmətlərə sadələşdirilmiş giriş imkanı yaradılıb.

Yeni SmartHub

SmartHub 2016 lazımlı məzmuna keçidi daha asan və rahat vəziyyətə gətirib. Onlayn televiziya, OTT (overthetop — televiziyadan əlavə məzmunun mənbələri), oyunlara birbaşa giriş Samsung SmartTV televizorunu işə saldığınız andan etibarən təmin olunur.

SamsungSmartControl funksiyası

Yeni Samsung SmartTV-də məsafədən idarəolunma üçün pult tələb olunmur. «Ağıllı» Samsung televizorları oyun konsolu, OTT və ya ev kinoteatrı qurğularını avtomatik müəyyən edir. Samsung Smart Control funksiyası köməyi ilə istifadəçilər əlavə tənzimləməyə ehtiyac qalmadan bütün qurğuları rahat idarə edə bilir.

Konsolsuz oyunlar

İndi böyük ekranda real oyun oynamaq üçün istifadəçilərə ayrıca oyun konsolu əldə etmək lazım deyil. 500-dən çox onlayn və yüklənəbilən oyunlar 2016-cı il SamsungSmartTV televizorları ekranlarından istifadəçilərə əla əhval-ruhiyə bəxş edir. PlayStation Assassin’s Creed III, Batman: Arkham Origins, The LEGO Movie və digər əlavə edilmiş yeni oyunları özündə cəmləyir.

EXTRA xidməti

Samsung Smart Control məsafədən idarəolunma pultunun EXTRA düyməsinə basanda ekrana dərhal izlədiyiniz məzmun haqqında məlumat çıxır.

SmartView proqramı

Bu proqram istifadəçiyə ailə üzvləri ilə bəyəndiyi proqramı bölüşməyə imkan verir və SmartView Samsung Galaxy qurğuları, Android və iOS sistemli smartfonlar, eləcə də Windows sistemli personal kompüterlərə yüklənə bilir. AccuWeather daxil olmaqla, Crackle, iHeartRadio, M-GO, Plex, Pluto.TV, UFC, Vimeo, YuppTV və digər məhşur proqramlar istifadəçilərə bəyəndikləri xidmətlərdən faydalanmağa şərait yaradır.

Daha çox əyləncə

HD-filmlərə, TV-proqramlarına və Amazon, M-GO və ya Netflix kimi provayderlərə, həmçinin YouTube məzmununa, Dish və Time Warner Cable onlayn proqramlara giriş artıq daha rahat oldu. Neu Lion-un hazırladığı UHD texnologiyalar UHD live vasitəsilə idman proqramlarını izləməyə imkan verir. İstifadəçilər HDR keyfiyyətli UHD filmləri izləmək üçün əlavə olaraq HDMI köməyilə yeni Ultra HD Blu-Ray pleyerini qoşa bilərlər.

2016-cı il SUHD televizorların bütün modelləri Əşyaların İnterneti (İnternet of Things) texnologiyasının və Samsung Smart Things açıq platformasının gələcəyini təcəssüm edir. SUHD televizorlar bir-birinə qoşularaq Smart Things-in 200-dən çox uyğun qurğusunu idarə edə bilir. Artıq televizor qapının zəngini kimin vurduğunu, bütün kilidləri bağlamağı, işıqları yandırıb-söndürməyi bacarır. Azərbaycanda satışa bu qövsvari modellər çıxarılıb: 65KU6500, 55KS8000 və KS7500. Əlavə olaraq, 43KU6650/70 modelinin də satışa çıxarılacağı gözlənilir.

Mobil qurğular

Forum çərçivəsində Samsung Galaxy A (2016) smartfonlarının yenilənmiş xətti təqdim olundu. Bu smartfonlar öncəki modellərin bütün müsbət cəhətlərini saxlamaqla bərabər flaqman smartfonların xüsusiyyətlərini də mənimsəyib. Şüşə və metaldan hazırlanmış zərif smartfonlar erqonomik dizayn sayəsində əlavə istifadə rahatlığı yaradır, universal slotlar (SIM+SIM/SIM+microSD), güclü akkumulyator, təkmilləşdirilmiş prosessor, LTE dəstəyi, yaxşılaşdırılmış kamera, nəhayət, sürətli enerji doldurma texnologiyası dəstəyinə malikdir.

Samsung Galaxy A (2016) smartfonları daha keyfiyyətli şəkil və videoların çəkilməsi üçün gücləndirilmiş çəkiliş sistemi ilə təchiz olunub. Smartfonların ön və arxa kameralarının güclü obyektivlə (f1.9) təchiz olunması naqis işıqlandırma şəraitində də keyfiyyətli şəkil çəkmək imkanı yaradır. Təsvirin optik sabitləşməsi texnologiyası (OIS) şəkildə bulanıq görünüşün yaranmasının qarşısını alır. Yeni modellərdə keyfiyyətli selfilərin çəkilməsi üçün bir neçə funksiya əlavə edilib. Bunların arasında kameranı jestlə idarə etmək imkanı Palm Selfie, «panorama» selfi çəkən Wide Selfie, eləcə də xüsusi effektlər dəsti var. Artıq vacib kadrları qaçırmayacaqsınız: Samsung Galaxy A (2016) smartfonları çəkilişə Samsung Quick Launch köməyilə bir saniyə ərzində hazır ola bilir.

Bundan əlavə, Samsung Galaxy A5 (2016) və Samsung A7 Galaxy (2016) Samsung Pay innovativ mobil ödəmə xidmətini dəstəkləyir. Magnetic Secure Transmission (MST) və Near Field Communication (NFC) texnologiyaları sayəsində Samsung Pay xidməti maqnit zolaqlı bank kartlarını qəbul edən terminalların əksəriyyətini dəstəkləyir. Xidmət şəxsi məlumatların təhlükəsizliyinə zəmanət verir və barmaq izi vasitəsilə yoxlama imkanına malikdir.

* Optik sabitləşdirmə texnologiyası yalnız Samsung Galaxy A7 və Samsung Galaxy A5 smartfonlarında tətbiq olunur.
** Tranzaksiyanın icra edilməsi zamanı öncəlik NFC protokoluna verilir.
*** Sürətli enerji qidalanması dəstəyi, barmaq izi skaneri və Samsung Pay xidməti yalnız Samsung Galaxy A7 (2016) və Samsung Galaxy A5 (2016) smartfonlarında təmin olunur.

Samsung Galaxy A (2016) smartfonlarını hal-hazırda şəhərin telefon mağazalarında əldə etmək olar. A3 modeli 549 manata, A5 modeli 729 manata, A7 modeli isə 899 manata satılır. Smartfonlar haqqında ətraflı məlumatı jurnalımızın son iki sayında, Azərbaycan dilində videoicmalı isə YouTube kanalımızda izləyə bilərsiniz:

Mobil qurğular siyahısında Galaxy TabPro S planşetini qeyd etməmək mümkün deyil. Cari il planşet bazarına bir çox yeniliklər gətirən qurğu yalnız evdə və ofisdə deyil, həmçinin səfərdə də fəaliyyət məhsuldarlığını artırmaq istəyən istifadəçiyə yönəldilib. Bu planşet biznes üçün Windows 10 Home və ya Windows 10 Prosistemi idarəsi altında professional kompüter funksiyalarının hamısını təmin edir. Beləliklə, həm həvəskarlar, həm də peşəkarlar bu əməliyyat sisteminin bütün imkanlarından istifadə edə biləcəklər. Deyilənlərə mövcud İT-infrastrukturlarla uyğunluq məsələsi də aiddir.

6,3 millimetrlik qalınlığı və 693 qramlıq çəkisi ilə Samsung Galaxy TabPro S daşınmaqda son dərəcə rahatdır. Dəstin içində gələn tamölçülü inteqrasiya edilmiş çexol-klaviatura istifadə rahatlığını daha da artırır. Klaviaturanın elastik şarniri istənilən şəraitdə optimal baxış bucağını seçməyə kömək edir. Bundan əlavə, Samsung Galaxy TabPro S klaviaturasında Pogo pin əlaqə konnektoru üçün ayrıca yükləmə tələb olunmur. Klaviaturanın taçpədi (touchpad) idarəetmə sadəliyini hətta altlıq rejimində istifadə edildikdə belə təmin edir.

Samsung CIS Forum 2016

Windows sistemi üzərində işləyən ilk Super AMOLED texnologiyalı Samsung Galaxy TabPro S planşeti həqiqi rənglərin ötürülməsini, ən xırda detallaşdırmanı təmin edərək 94% təbii ton ötürməyə qadir olan multitaç sensor ekranına malikdir. Sürətli enerji qidalanmasının təkmilləşdirilmiş funksiyası ilə Samsung Galaxy TabPro S planşetinin akkumulyatoru 2,5 saat ərzində tam enerji toplayır və gün ərzində istifadə üçün 10,5 saat avtonom iş* imkanı təmin edir. Galaxy TabPro S planşeti Intel Core M prosessoru hesabına yüksək hesablama gücünə malikdir. Məhsuldarlığı və elastikliyi artırmaq üçün planşet üçün əlavə multiport adapteri (HDMI, USB Type A&C) və Bluetooth-stilus almaq olar.

* Samsung şirkətinin batareyanın avtonom işləmə testlərinə əsaslanmışdır. İstifadə olunduqda bundan fərqli göstəricilər ortaya çıxa bilər.

Virtual reallığın kiçik qrup üçün təcrübə texnologiyası olduğu iddiaları son zamanlar öz doğruluğunu tamamilə itirib. İstifadəçini virtual reallıq dünyasına qovuşduran Samsung Gear VR ona müxtəlif məzmunları 360 dərəcəlik görünüşlə izləyib bənzərsiz təəssüratlar almaq yolunu açır. Samsung Gear VR qurğusundan istifadə etməyə başlamaq üçün sadəcə telefonu eynəyin xüsusi girişinə yerləşdirmək tələb olunur. Bunun üçün heç bir əlavə proqram lazım deyil. Smartfonun güclü prosessoru proqramların yüksək məhsuldarlıqla işləməsini, əla keyfiyyətli Super AMOLED ekran isə üçölçülü görünüşdə canlılığı təmin edir.

Eynəkdə virtual reallıqda maksimal həqiqi naviqasiya təmin etmək üçün başın vəziyyətini, hərəkətlərini, istifadəçinin reaksiyasını sürətlə müəyyənləşdirib buna uyğun olaraq reaksiya verən tənzimləyicilərlə təchiz olunub. Bunun sayəsində istifadəçi görünüşün gecikəcəyindən qorxmadan baxışını istədiyi istiqamətə çevirə bilər. İntuitiv sensor panel isə oyun əsnasında asan və rahat idarəetməni təmin edir. Gear VR geyilməsini rahatlaşdıran yüngül çəki və mükəmməl tarazlaşdırma ilə yanaşı içəridən üzün formasına uyğunlaşa bilən yumşaq astara və ümumilikdə erqonomik dizayna malikdir.

Samsung şirkəti məzmunun bu qurğuda izlənməsi üçün geniş və optimallaşdırılmış seçim imkanı təqdim edir. Bu gün Gear VR ilə işləyən 150-dən çox proqram təminatı mövcuddur, onların bir çoxu isə pulsuzdur.

Qurğu MicroUSB dəstəkləyir, Galaxy Note 5, S6 edge+, S6, S6 edge, S7 və s. smartfonlara uyğunlaşdırılıb.

Azərbaycanda Samsung Gear VR qurğsunun satış qiyməti 249 manatdır.

Mobil qurğular seqmentinin ən kiçik ölçülü, eyni zamanda olduqca geniş funksionallı məhsullarından biri də Gear S2 ağıllı saatlarıdır. Zərif və erqonomik Samsung Gear S2 və Gear S2 Classic saatının korpusu paslanmayan polad, Gorilla Glass 3 və keramikadan istehsal olunub. CIS 2016 Forum çərçivəsində bu saatın çəhrayı qızıl və platindən hazırlanmış növləri də təqdim olunub. Hərlənəbilən çoxfunksiyalı bezel interfeys istifadə rahatlığını və proqramlara sürətli girişi təmin edir. İstifadəçinin özünə xas tənzimləmələrin qurula bilməsi saatın sözsüz üstünlüklərindəndir. Belə ki, istifadəçi asanlıqla siferblatın növünü və fonunu dəyişdirə, öz zövqünə uyğun kəmər seçə bilər. Gear S2 Classic modeli üçün 20 millimetrlik standart enli müxtəlif kəmərlər nəzərdə tutulub.

1 GHz güclü ikinüvəli prosessoru, 360×360 (302 pks/düym) ölçülü 1,2 düymlük yumru ekranı var. Saata quraşdırılmış son Tizen əməliyyat sistemi sayəsində istifadəçi müxtəlif xəbərdarlıqlar ala bilir, elektron poçtunu yoxlayır, sağlamlığına diqqət yetirə, gün ərzində öz fiziki fəaliyyətinə nəzarət edə bilir. Bundan əlavə, ağıllı saat avtomobil açarı kimi də istifadə edilə bilər. Güclü akkumulyator qurğunu iki gündən çox istifadə etməyə imkan verir. Samsung Gear S2 və Gear S2 Classic modelləri NFC texnologiyasını dəstəkləyir. Ağıllı saatlar müxtəlif istehsalçıların Android 4.4 və daha yüksək versiyaların platformasında işləyən smartfonları ilə uyğunlaşa bilir.

Samsung Gear S2 Sports modeli 569 manata, Classic modeli isə 674 manata satılır. Qurğunun Azərbaycan dilində videoicmalı ilə buradan tanış ola bilərsiniz:

Soyuducular

Bazar tərəfindən böyük rəğbətlə qarşılanan, həyata keçirilməsi səbrsizliklə gözlənilən ideyaları əsas tutan Samsung şirkəti məişət texnikası seqmentini yeni funksiyalar tətbiq edərək diqqətəlayiq şəkildə canlandırır. Şirkətin bu sahədəki ən innovativ məhsulu Family Hub soyuducusu sayılır. Family Hub evin rəqəmsal informasiya mərkəzi rolunu oynayır. Məişət işlərinin təşkil olunması ilə bağlı bütün kommunikasiyalar soyuducunun üst sağ qapısında yerləşdirilmiş 21,5 düymlük yüksək çözümlülüklü MK ekranda əks olunur. Rəqəmsal darəetmə pultu olan ekran təqvimə müxtəlif məlumat və tapşırıqların daxil olunmasını, redaktə edilməsini, şəkillərin və qeydlərin saxlanılmasını təmin edir.

Samsung CIS Forum 2016

Samsung Family Hub-da quraşdırılmış 3 kamera ilə ev sahibləri soyuducuda olan məhsullara nəzarət, bununla da onlara qənaət etmək imkanı əldə edirlər. Soyuducu məhsulların son istifadə tarixini daim nəzarət altında saxlayır. Daxili kameralar həmçinin Samsung Smart Home proqramı köməyilə soyuducuda nələrin olub-olmadığını real vaxt rejimində məsafədən yoxlamaq üçün əla vasitədir. Soyuducu həmçinin əyləncə xarakterli də istifadə oluna bilər. Belə ki, quraşdırılmış dinamiklər vasitəsilə İnternetdən və ya Bluetoothla qoşulmuş qurğudan musiqi oxudula, Samsung Smart televizorlarından Screen Cast texnologiyası ilə görünüş soyuducunun ekranında əks etdirilə bilər. Samsung Smart Hub modeli dünya bazarına yaz aylarında çıxardılacaq. Hazırda Azərbaycanda satışa çıxarılması gözlənilən modellər isə RF24FSEDBSR/WT, RSH5ZLMR1/WT, RL4353EBASL/WT, RF34H9960S4 və RB33J8835 modelləridir.

Samsung RF24HSESBSR ərzaqların təzəliyinin qorunması texnologiyasında atılan yeni addımdır. Bu soyuducuda Space Max storage adlı innovativ texnologiya istifadə olunub. Həmin texnologiya işlək kameraların faydalı həcmini maksimallaşdırmağa imkan yaradır. Soyuducu həmçinin parlaq informativ ekrana malikdir. RF24HSESBS inteqrasiya edilmiş dispenser sayəsində sizin üçün istədiyiniz an qazlı su hazırlaya bilər. Soyuducunun dərinliyi mətbəxinizin xüsusiyyətlərini nəzərə alaraq hər hansı əlavə quraşdırma işi tələb etmir. Metal səth isə interyerə zərif tekstura incəliklərini əlavə edir. FlexZone™ siyirtməsi xüsusi Smart Divider ayırıcısı ilə müxtəlif məhsulların saxlanılması üçün olduqca rahat vasitədir. Smart Divider-in hərəkətli arakəsməsi çəkməcəyə böyük ölçülü qablara qoyulmuş məhsulları yerləşdirməyə imkan yaradacaq. Tənzimləmə imkanı olan FlexZone™ texnologiyası müxtəlif termeraturlarda saxlanılan ərzaqlar üçün ayrı-ayrılıqda lazımi şərait təmin edir.

Samsung CIS Forum 2016

Samsung RF24HSESBSR modelində soyuducu və dondurucu kameralarda optimal rütubətin təmin olunması üçün iki ayrı hava axını yaradılır, habelə temperatura dəqiq nəzarət sistemindən istifadə olunur. Twin Cooling Plus™ sistemi həm almanın təravətini qoruyacaq, həm də dondurucuda buz parçalarına sarımsaq qoxusunun qarışmasını əngəlləyəcək. Ice Master buz generatoru isə gündə 3 kiloqramadək buz hazırlaya bilir.

Bu və digər soyuducularla bağlı geniş məlumatı www.samsung.com saytından əldə edə bilərsiniz.

Paltaryuyan maşınlar

Maşını işə salanda hər-hansı paltarı onun içinə yükləməyi unutduğunuz hal heç olubmu? Bir corab, ya da hər hansı başqa bir əşyanı əlavə etməkdən ötrü prosesi dayandırmamaq üçün Samsung sadə, amma son dərəcə effektiv həll oltəklif edib. Söhbət AddWash sistemindən gedir. Belə sistemin tətbiq olunduğu frontal yükləməli paltaryuyanların içinə suyu boşaltmadan, əsas qapını açmadan paltar əlavə etmək üçün xüsusi qapısı var. Unutduğunuz əşyanı paltaryuyanın içinə qoymaq, maşına yuyucu toz əlavə etmək yuma prosesinin istənilən mərhələsində həyata keçirilə bilər. Bu texnologiyanı dəstəkləyən paltaryuyanlar dünya bazarına bu ilin yaz aylarında çıxarılacaq. Azərbaycanda WW80K6410QW/LD, WW10H9600EW/LP, WW80J64Q10CW və WD90J6410AS/LD modellərinin satışa çıxarılması planlaşdırılıb.

WD90J6410AS/LD modeli son illərin ən keyfiyyətli və ən səmərəli texnologiyası sayılan Eco Bubble ilə təmin olunub. Belə ki, Eco Bubble™ texnologiyası ilə iri həcmli geyimləri ilıq su ilə, aşağı temperaturlarda yuyaraq elektrik enerjisinə qənaət* edə bilərsiniz. Yuma prosesinin əvvəlində yuyucu vasitə maşında yaranan su damlaları vasitəsilə köpük kürələrinə çevirir. Bununla da mükəmməl vəziyyətə gələn köpük parçaya asanlıqla daxil olaraq çirk və ləkələri həm effektiv, həm də paltara ziyan vurmadan təmizləyir. Eco Bubble ilə paltarlar hətta sərin suda (15 °C) yuyulub təmizlənə bilir.

Samsung CIS Forum 2016

* Test 4 kq yükləmə ilə IEC 60456-2010 normativi üzrə keçirilmişdir. Sərin suda (WF80F5E5U4W) yüksək ekoloji yumanın nəticələri 40° suda Eco Bubble (WF0702WKU) texnologiyasından istifadə edərək parça-pambıq materialdan istehsal olunmuş əşyanın yuyulmasının nəticələri ilə müqayisə edilib. Müxtəlif testlərin nəticələrində fərq ola bilər.

Yeni paltaryuyan maşın sizin əşyalarınızı cəmi 59 dəqiqə* ərzində yuyacaq. Maşında istifadə edilən Speed Spray texnologiyası yaxalama prosesini daha yüksək intensivlikdə həyata keçirməyə imkan verir və barabanın fırlanma sürətini artırır. Bununla da yuma prosesi 59 dəqiqə ərzində tamamilə başa çatır.

* Super Speed proqramı üzrə susmaya görə 5 kq yükləmək şərtilə.

Air Wash texnologiyası paltarları təmizləyərkən xoşagəlməz qoxuları yox edir. Xoşagəlməz qoxuların və bakteriyaların aradan qaldırması isti hava ilə həyata keçirilir. Prosesdə əlavə vasitələr, məişət kimyası və s. istifadə olunmur. Bubble Soak texnologiyası istənilən ləkəni bir düyməyə basmaqla aradan qaldırmağa kömək edəcək. Hava köpüyü parçaya hopdub ləkələri yumşaldır və onu effektiv şəkildə çıxarır.

WD90J6410AS/LD paltaryuyanı həmçinin Smart Check, Eco Drum Clean texnologiyaları, 15 dəqiqəlik sürətli yuma rerjimi, Diamond baraban və s. innovativ texnologiyalarla təchiz olunub. Daha geniş məlumat www.samsung.com saytında və Samsung paltaryuyan maşınlarının satışı üzrə ixtisaslaşan mağazalarda əldə oluna bilər.

Samsung CIS Forum çərçivəsində həmçinin yüksəktexnologiyalı sobalar, soba dolabları və ağıllı tozsoranlar təqdim olundu. Samsung şirkətinin soba dolablarında iki xörəyi qoxuları bir-birinə qarışmadan eyni vaxtda hazırlamaq olar. Beləliklə, yemək hazırlayarkən həm vaxta, həm də sərf edilən enerjiyə xeyli qənaət etmək olar.

Forumun diqqət çəkən məhsullarından biri də VR9000 və VR9300 robot tozsoranları idi. Sorma gücünün 70 dəfə artması sayəsində bazarda liderlik əldə edən robot tozsoranları evin təmizləməsində sizə olduqca effektiv köməkçi olacaq. Wi-Fi üzərindən işləyən Smart Control idarə sisteminin köməyi ilə istifadəçilər smartfon vasitəsilə mənzildə tozsoranın hərəkət marşrutunu məsafədən proqramlaşdıra bilərlər. Select & Go funksiyası isə proqramda əvvəlcə bütün evin virtual xəritəsini çəkib sonra da asanlıq üçün hər otağa fərdi ad vermək olar. Gələcəkdə təmizləməyə ehtiyac olanda tozsoran bu otaqlar haqqında istifadəçiyə məlumat verə biləcək. Sadəcə otağı seçin və tozsoran dərhal ora yola düşəcək. Qurğuya sizin mənzilinizi «görməyə» imkan verən xəritəçəkmə sistemi sayəsində yeni Samsung robot tozsoranı ev sahibinin köməyi olmadan mənzildəki təmizliyi təmin edəcək.

Samsung CIS Forum 2016

Hər iki model Visionary Mapping Plus System sistemi ilə təchiz edilərək, inteqrasiya edilmiş rəqəmsal kameraya və yüksək həssasiyyətli sensorlara malikdirlər. İşi bitirdikdən sonra tozsoranlar sistematik təmizləmə üçün keçilən marşrutu ən effektiv marşrut kimi Digital Floorplan rəqəmsal plan formatında qeyd edir. Samsung robot tozsoranlarında tətbiq edilən Cyclone Force sistemi isə mərkəzdənqaçma gücü ilə palçıq və zibili ayıraraq xarici konteynerdə toplayır, beləliklə, filtrin zibillənməsinin qarşısını alır və təmizləmə prosesi boyunca sormanın optimal gücünü təmin edir. Azərbaycanda satışa çıxarılan Samsung tozsoranları isə bunlardır: VW17H9071HR/EV, VC21F50VNAR/EV, VC21F70HNHR və VR20K9350UK.

Bütün məhsullarla bağlı məlumatı www.samsung.com saytından əldə edə bilərsiniz. Ən son satış qiymətləri ilə bağlı məlumat isə Samsung şirkətinin rəsmi tərəfdaşlarının veb-səhifələrindən əldə edə bilərsiniz: www.integralplus.az, www.bakuelectronics.azwww.kontakt.az.

12

Qeyd etmək istərdik ki, Portuqaliyanın Eştoril sahilində keçirilən Samsung CIS 2016 Forum tədbirində Samsung şirkətinin dəvəti ilə InfoCity jurnalının nümayəndəsi iştirak edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -