spot_img
21 ноября, 2024
ДомойSoftwareПрограммное обеспечениеÖvladlarınıza proqramlaşdırmanı ən sadə yol ilə öyrədin!

Övladlarınıza proqramlaşdırmanı ən sadə yol ilə öyrədin!

Müasir dövrdə ətrafımız texnoloji qurğularla əhatə olunub, onlar məişətimizə ayrılmaz bir parça kimi daxil olub. Biz isə onların yayılmasının və inkişaf etməsinin nə qədər sürətlə baş verdiyinə heç fikir vermirik. Halbuki, gündəlik istifadə etdiyimiz bu qurğuların çoxu cəmi bir neçə il əvvəl mövcud deyildi. Getdikcə canlı işçi qüvvəsini əvəz etməyə başlayan, son illər ərzində önümüzdə daha çox imkanlar yaradan “ağıllı” texnologiyaların hamısı öz inkişafına görə kompüterə borcludur. Lakin bir tərəfdən həmin qurğular tədricən insanı əvəz edərkən, digər tərəfdən elektron sistemləri hazırlayan və proqramlaşdıran insanlara ehtiyac artır. Bu gün biz yeni nəsli erkən yaşından bu istiqamətə yönləndirmək üçün hazırlanan proqramlaşdırma dərsliklərindən danışacağıq.

Kod Saati

Son illər İnformatika Azərbaycan məktəblərində 1-ci sinifdən etibarən tədris olunmağa başlayıb. Bu əlbəttə ki, sevindirici haldır. Lakin keçirilən dərslərin məzmunu və müəllimlərin səviyyəsi bir çox mütəxəsissləri narahat edir. Bu səbəbdən İnformasiya Texnologiyaları sahəsi üzrə təhsil almış, müvafiq praktika keçmiş gənclər tamdəyərli mütəxəssis olmaq üçün əlavə olaraq İnternet mənbələrinə müraciət etməli və ya xüsusi kurslara yazılmalı olurlar. Aydındır ki, bir-iki özəl universiteti çıxmaq şərtilə universitetlərimizdə bu sahə üzrə tədris səviyyəsi qənaətbəxş deyil.

Problemi daha əsaslı şəkildə həll etmənin yolu, şübhəsiz ki, uşaqları erkən yaşlarından informatika sahəsinə yönəltmək, həmin sahəni onlara sevdirməkdir. Bu səbəbdən məqaləmizdə son iki il ərzində dünyada böyük əks-səda yaratmış «Code.org» layihəsini ətraflı araşdırmaq qərarında gəldik.

Kod Saati

«Code.org» layihəsi 2013-cü ilin fevral ayında texnologiya sahəsində tanınmış, İran əsilli amerikan iş adamları Əli və Hadi Partovi qardaşları tərəfindən təsis olunub. Layihə bir çox ABŞ məktəblərində informatikanın tədris olunmaması probleminin müəyyən qədər aradan qaldırılmasını, uşaqlar tərəfindən proqramlaşdırma və alqoritmlər barədə biliklərin erkən yaşdan mənimsənməsini hədəfləyir. Hadi Partovinin sözlərinə görə, məktəblərin haradasa 90%-ində İnformatika fənni tədris olunmur. Saytın əsas səhifəsində yerləşdirilmiş «Hər bir məktəbdə hər bir şagirdin informatikanı öyrənmək imkanı olmalıdır» sloqanı diqqətləri İnformatika fənninin ABŞ məktəblərinin çoxunda keçirilməməsinə cəlb etmək üçün seçilib. İndiyədək bu sloqan altına 1,7 milyondan çox insan öz imzasını atıb. Bizim təhsil sistemimizin bu baxımdan ABŞ sistemindən üstün olması sözsüz ki, sevindirici haldır. Lakin bir o qədər də şübhəsizdir ki, fənnin olması ilə yanaşı onu düzgün və yaxşı tədris etdirmək vacibdir.

Kod Saati

«TechCrunch» texnologiya bloquna verdiyi müsahibədə Hadi Partovi həmçinin bildirib ki, ABŞ-da informatika üzrə tədris hazırki şəkildə davam edərsə 2020-ci ildə İnformasiya texnologiyaları sahəsindəki 1 milyon 400 min iş yerinə cəmi 400 min ixtisaslaşmış məzun mövcud olacaq. Başqa sözlə, 1 milyon iş yeri boş qalacaq.

Əlbəttə ki, şəkildə gördüyümüz statistika ABŞ-a aid olsa da, Azərbaycanda da oxşar vəziyyət proqnozlaşdırıla bilər. Hal-hazırda ölkədə savadlı İKT mütəxəssislərinə böyük ehtiyac var. Bu səbəbdən “Code.org” layihəsinin əhəmmiyyəti daha da artır. Təbii ki, bu təşəbbüsə keçən il start verildiyi zaman layihə bir çox böyük şirkət tərəfindən dəstək gördü.

Kod Saati

İlk öncə layihə çərçivəsində Bill Qeyts, Mark Tsukerberq, Uill.i.am, Cek Dorsi, habelə digər nəhəng şirkətlərin qurucuları və tanınmış simaları internetdə video vasitəsilə viral olaraq tanıdılmağa başladı. (Videonu bu keçiddən izləmək olar:

İndiyədək 12 milyondan çox izlənilən video böyük əks-səda gətirdi. «Code.org» ilk növbədə ABŞ məktəblərindəki problemi həll etməyə yönəldilmiş olmasına baxmayaraq artıq o, qlobal təşəbbüsə çevrilmişdi.

Saytın ilk səhifəsində «Kod Saatı» kampaniyası çərçivəsində eyniadlı sadə bir kurs keçmək təklif olunur: http://learn.code.org/hoc/1. Bu kampaniya hər il dekabrda İnformatika Təhsili Həftəsi çərçivəsində keçirilir. «Kod Saatı» kursları dünya istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, ötən il «Kod Saatı» proqramında 15 milyon iştirakçı qeydə alınarkən bu il bu rəqəm artıq 80 milyonu ötüb. Hədəf isə 100 milyondur.

Kod Saati

Ötən ildən etibarən layihənin tədris materialları Azərbaycan ACM (Association for Computing Machinery — Hesablama Maşınları üzrə Assosiasiya) Bölməsi tərəfindən hissə-hissə Azərbaycan dilinə tərcümə edilib. ACM təşəbbüs qrupunun rəhbəri Araz Yusubovun sözlərinə görə, onlar layihə çərçivəsində hazırlanan dərslikləri dilimizə tərcümə edib həmvətənlərimiz üçün «Kod Saatı»nda iştiraketmə imkanını yaratmağa çalışıblar.

Araz Yusubov

«Kod Saatı»nın builki rəsmi promo-videosunun altyazıları da Azərbaycan dilinə tərcümə olunub:

«Kod Saatı»nda təqdim olunan interaktiv dərsliklər informatikanın əsas məfhumlarını sadə göstərişlərin müşayiətindəki əyləncəli tapşırıqlar vasitəsilə öyrədir. İştirakçılar «Angry Birds», «Frozen» və «Plants vs. Zombies» kimi video-oyunların qəhrəmanları ilə birgə tapmacaları həll etmək üçün Bill Qeyts, Mark Tsukerberqin iştirak etdikləri video-mühazirələrdən kod yazmağı öyrənmək imkanı əldə edirlər. Dil seçimini saytın sağ aşağı hissəsindən etmək mümkündür.

Araz Yusubovun sözlərinə görə, saytın məzmunu daim yeniləndiyinə görə kurslara aid müəyyən funksiyaların tərcüməsi davam edir, «Kod Saatı» və 20-saatlıq «İnformatikaya Giriş» dərslikləri isə demək olar ki, hazırdır: «Bu məsuliyyətli işi aparan könüllülər arasında məndən savayı ötən il ACM üzvləri Hüseyn Qasımov, Toğrul Cəfərli və Tağı Əliyevin, bu il isə Ulduz Xəlilova, Namiq Quliyev və Turqut Mehdiyevin adlarını çəkmək olar».

Dərslər. Proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan video-oyun qəhrəmanları hər mərhələdə yeni tapmaca və ya tapşırıq təqdim edirlər. Bu tapşırıqları yerinə yetirmək üçün siz proqramınızı vizual blokların köməyi ilə yazmalısınız. Strukturu başa düşmək üçün əvvəlcə xüsusi köməkçi pəncərələr yaranır. Burada sizə hansı addımları atacağınız barədə məlumat verilir. Məsələn, «Kod Saatı» kursunun ilk tapşırığı «Angry Birds» video-oyunundakı donuzları tutmaqdan ibarətdir. Köməkçi pəncərədə çıxan tapşırığa əsasən bir neçə «irəli get» blokunu ardıcıl düzüb «İcra et» düyməsinə basmaq lazımdır. Obyekti 2 xana irəli çəkmək lazım olduğunu nəzərə alaraq biz sağ pəncərədəki «icra etdikdə» sətirinin altına iki «irəli get» bloku yerləşdirməliyik. Artıq bir «irəli get» bloku «icra etdikdə» sətrinin altında mövcud olduğuna görə bizə ancaq ikinci «irəli get» blokunu sağ tərəfə yerləşdirmək qalır. Bundan sonra köməkçi pəncərəyə uyğun olaraq şəkil altında yerləşən «İcra et» düyməsinə basıb proqramı düzgün qurduğumuzu yoxlayırıq. Bununla biz 2 sətirlik «moveForward();» kodu yazmış olduq. Kodlar icra edildikdən sonra uğur pəncərəsində blokların «cavaskript» proqramlaşdırma dilində necə yazıldığı barədə məlumat verilir. Növbəti mərhələdə «icra etdikdə» sətri altında 3 «irəli get» bloku göstərirkən üç nömrəli tapmacada artıq «moveForward();» kodundan əlavə «turnRight();» sağa dönmə operatoruna ehtiyac yaranır. Bu operator sadəcə «sağa dön» bloku kimi təsvir olunaraq istənilən yaşda istifadəçiyə rahat qavrama imkanı verir. Deməli, üç nömrəli tapmacada biz iki «irəli», bir «sağa» və yenidən bir «irəli» blokunu seçirik.

Kod_saati

Tapmacaları həll etdikcə hər dəfə «kodu göstər» düyməsini seçmək lazımdır. Beləliklə istər özünüz, istərsə hansı yaşda olursa olsun övladlarınız və ya şagirdləriniz kodlaşdırma operatorları ilə yaxından tanış olacaq, bundan sonra onları heç vaxt unutmayacaqsınız.

Kurslar sizə bütün müddət ərzində yazdığınız kodun sətir sayını təqdim edəcək. Bunu davamlı idarə etmək üçün saytda qeydiyyatdan keçmək lazımdır. «Kod Saatı» dərsliyinin bütün mərhələlərini, yəni 20 tapmacanın hamısını bitirdikdən sonra siz gözəl bir sertifikat əldə edəcəksiniz.

Bundan sonra http://learn.code.org/s/1 keçidindən 15-25 saatlıq «Giriş kursu» ilə tanış ola bilərsiniz. Həmin kurs əsasən 12-13 yaşlı uşaqlara informatikanın əsaslarını öyrətməkdə kömək edir. Kursları istənilən yaşda insanlar keçə bilərlər. Sistemin həmyerlilərimiz tərəfindən ardıcıl tərcümə olunduğunu nəzərə alaraq burada Rəssam 1,2,3,4,5 və Fermer 1,2,3 kurslarını ana dilimizdə rahatlıqla keçə bilərsiniz.

Tədris sistemi. Əgər siz övladınızın və ya şagirdlərinizin öyrənmə və qavrama aktivliyini izləmək istəyirsinizsə saytda qeydiyyatdan keçdikdən sonra «Salam, ad» bölməsindən «Mənim hesabım» menyusuna daxil olun. Bu səhifəni ən aşağıya kimi endirərək oradakı «tələbə» sözünü «müəllim» ilə əvəz edin. Beləliklə, Sizin profil müəllim statusunu alıb xüsusi panelə çıxış əldə edəcək:

http://code.org/teacher-dashboard#/

 Burada ilk sol pəncərəni seçib açılan səhifədə «Yeni bölmə» düyməsinə basın. Qeyd etmək lazımdır ki, burada qeydiyyatı açar söz, şəkil və e-poçt ünvanına görə apara bilərsiniz. Ən rahat vasitə söz (word) köməyilə ilə bölmə yaratmaqdır. Bu bölmə daha sonra övladınıza və yaxud şagirdlərinizə yeni hesab açıb onların aktivliyini izləmək üçün lazım olacaq. Davam etmək üçün http://code.org/teacher-dashboard#/sections səhifəsində «Şagird hesablarını idarə etmək» (Manage students) düyməsini seçib şagirdləri bir-bir əlavə etməlisiniz. Övladlarınızın və ya şagirdlərinizin məlumatlarını bir-bir daxil edərək onlara aşağıda göstərilmiş keçidi təqdim edin və hər biri üçün açar söz müəyyənləşdirin.

http://learn.code.org/ ünvanı üzrə digər müxtəlif kurslar mövcuddur. Burada fərqli yaş qrupları üçün şərt operatorundan tutmuş, dövrlər, habelə parametrli funksiyalara qədər müxtəlif mövzuları izah edən proqramlaşdırma dərslikləri təqdim olunur.

Əgər bu dərslikləri bəyəndinizsə məktəbiniz, iş yeriniz və ya dostlarınızdan qeydiyyatdan keçməyi xahiş edin. İnformasiya texnologiyaları sahəsində peşəkarsınızsa, informatikanı bir elm kimi sevirsinizsə, öz təcrübənizi başqaları ilə bölüşüb «Kod Saatı» və bunun kimi sair kimi layihələrə dəstək verməyə hazırsınızsa Azərbaycan ACM Bölməsinə qoşulun: http://azerbaijan.acm.org/join-us/.

Müəllif: Ələkbərov Fərhad, COOL Agency, Director, www.cool.agency

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -