spot_img
24 ноября, 2024
ДомойБлогиАзербайджанские Блоги195 Çağrı Mərkəzində Asan İmza ilə vergi xidmətlərindən istifadə

195 Çağrı Mərkəzində Asan İmza ilə vergi xidmətlərindən istifadə

İnnovativ texnologiyalar sahəsində dünyada son illərin əlamətdar xidmətlərindən biri olan və toplumun xidmətində dayanan mobil rəqəmsal identifikasiya (mobil imza) xidməti vətəndaşlarla dövlət arasında qarşılıqlı ünsiyyətin sadələşdirilməsində və beləliklə də müasir cəmiyyətlərin inkişafında ən fundamental baryerlərindən hesab edilən rüşvətxorluq və bürokratiya hallarının aradan qaldırılmasında ən effektiv vasitələrdən biridir.
Mahiyyət etibarilə, mobil identifikasiya xidməti vətəndaşın bu və ya digər elektron xidmətdən fiziki olaraq olduğu yerdən asılı olmayaraq, sadəcə öz mobil telefonundan istifadə edərək asanlıqla və təhlükəsiz şəraitdə yararlanmasını nəzərdə tutur. Əksər hallarda elektron xidmətlərdən istifadə etmək üçün istifadəçinin xidmətə birbaşa daxil olması tələb olunursa, mobil identifikasiya texnologiyasının qabaqcıl xüsusiyyətləri bir sıra xidmət təminatçılarına öz istifadəçiləri üçün xidmətlərindən onların interaktiv yardımı ilə istifadə etməyə şərait yaradan sistemlər hazırlamağa imkan verir. Əhaliyə xidmət göstərilməsində bu cür öncül yanaşma nümunələrindən biri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinin fəaliyyətində öz əksini tapır.
Vergi hesabatlarının göndərilməsi zamanı vergi ödəyicilərinin kompyuter/İnternet biliklərinin yetərli səviyyədə olmaması və bu səbəbdən proses zamanı səhv etmə ehtimalının mövcudluğu, kağız daşıyıcıda sənədlərin təqdim edilməsi zamanı meydana çıxa biləcək növbələr və bu kimi digər maneələr ümumi prosesi ləngitməklə nəticədə vaxt itkisinə səbəb ola bilir.
195 Çağrı Mərkəzi tərəfindən Azərbaycanın mobil identifikasiya və imza texnologiyası olan Asan İmzadan istifadə edilməklə vergi ödəyicilərinin istismarına verilmiş innovativ xidmətlər yuxarıda sadalanmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində effektiv həll təqdim edir. Belə ki, vergi ödəyiciləri kompyuter və İnternetdən belə istifadəyə ehtiyac duymayaraq Çağrı Mərkəzinə müraciət edərək bu xidmətlərdən faydalana bilərlər. Bu zaman Çağrı Mərkəzinin operatoru müraciət edənin Asan İmza nömrəsini soruşur və sistem üzərindən onun nömrəsinə təsdiq mesajı (autentifikasiya PIN sorğusu) göndərir. Həmin mesaj vasitəsilə Çağrı Mərkəzinin sistemində autentifikasiya olunmaqla (mobil telefonunda Asan İmza autentifikasiya PIN kodunu daxil etməklə) vergi ödəyicisi sistemdə öz şəxsiyyətini təsdiq etmiş olur.
Daha sonra Çağrı Mərkəzinin operatoru vergi ödəyicisnin istifadə etmək istədiyi xidməti sistemdə seçir (misal üçün, vergi bəyannamələrinin göndərilməsi) və sonuncu operatora sistemə daxil edilməli olan məlumatları bildirir. Operator məlumatları sistemə daxil etdikdən sonra yaranacaq vergi öhdəliyini göstərən SMS bildirişi sistem üzərindən vergi ödəyicisinin mobil telefonuna göndərir. Vergi ödəyicisi SMS şəklində gələn vergi bəyannaməsinin məlumatları ilə tanış olduqdan sonra Çağrı Mərkəzinin operatoru sistem üzərindən onun telefonuna imzalama PIN sorğusunu göndərir. Öz növbəsində, vergi ödəyicisi Asan İmza PIN2 kodunu mobil telefonunda daxil edərək bəyannaməni imzalayır və sənəd sistem tərəfindən qəbul olunur. Pararlel olaraq, icra edilmiş əməliyyat barədə məlumatlar avtomatik olaraq vergi ödəyicisinin İnternet Vergi İdarəsində olan virtual kabinetində qeydə alınır. Beləliklə, Asan İmzadan istifadə etməklə 195 Çağrı Mərkəzinə adi bir zənglə vergi bəyannaməsini operativ və asan şəkildə doldurmaq və vergi orqanına təqdim etmək mümkündür.

195

Hazırda vergi ödəyiciləri 195 Çağrı Mərkəzinə müraciət edərək Asan İmzadan istifadə etməklə vergi bəyannamələrinin göndərilməsi, fiziki şəxsin vergi orqanlarında dövlət qeydiyyatına alınması və şirkət üçün bank hesabının açılması üçün müraciət edilməsi kimi xidmətlərdən yararlana bilər. Bu xidmətlərdən istifadə üçün Çağrı Mərkəzinə həm mobil, həm də stasionar telefonlardan zəng etmək mümkündür, lakin əməliyyatların Asan İmza vasitəsilə təsdiq edilməsi/imzalanması zəruridir.
Araşdırmalarla müəyyən edilib ki, elektron xidmətlərin mobil identifikasiya və imzalama xidməti ilə inteqrasiya edilmiş çağrı mərkəzi vasitəsilə istifadəçilərə bu cür unikal formatda təqdim edilməsi təcrübəsi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilib və bu modelin bir çox üstünlükləri var. İlk öncə qeyd etmək lazımdır ki, maliyyə bilikləri və kompyuterdən istifadə bacarıqları məhdud olan insanlar üçün bu əvəzedilməz bir mexanizmdir – əməliyyatların icrası zamanı çağrı mərkəzinin operatorlarının peşəkar yardımı ilə onlar öz hesabatlarını heç bir çətinlik olmadan müvafiq strukturlara təqdim edə bilir. Vətəndaş və dövlət arasında bu cür ünsiyyət mexanizmi həm də büdcə vəsaitlərinə qənat etmək imkanı da verir – bu yolla, səhvən doldurulmuş sənədlərin qəbul edilməsi ehtimalı aradan qalxır, həmçinin daxil olan sənədlərin yoxlanılması və emalı üçün əlavə insan resurslarına çəkilən xərclərə ehtiyac qalmır. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə bu konsepsiyanın tətbiqi həm də vergi strukturlarına inamın daha da möhkəmlənməsinə səbəb olmuşdur – vergi ödəyiciləri vergi orqanlarının onlara olduqca rahat, təmənnasız və yüksək keyfiyyətli xidmət göstərməsinin şahidi olurlar. Bu üsulun vergi ödəyiciləri üçün digər mühüm üstünlüyü odur ki, vergi xidmətlərindən istifadə etmək üçün kənar konsaltinq şirkətlərinin ödənişli xidmətlərinə müraciət etməyə ehtiyac qalmır.
Elektron xidmətlərin göstərilməsində Azərbaycanın bu innovativ təcrübəsi digər ölkələr üçün də nümunəvi model kimi çıxış edə bilər. Xüsusilə əhalisi məhdud maliyyə/İKT biliklərinə sahib olan, eləcə də İnternetə və onlayn xidmətlərə çıxış səviyyəsi aşağı olan ölkələr üçün bu kifayət qədər maraqlı və faydalı təcrübədir.
Artıq bir neçə Afrika dövləti əhalisinin maliyyə xidmətlərində iştirak səviyyəsinin artırılmasında və öz ölkələrində korrupsiya və rüşvətxorluğa qarşı effektiv mübarizə aləti kimi istifadə etmək üçün “Asan İmza” texnologiyasına böyük maraq göstərmişlər.
Onu da qeyd etmək lazımdır ki, haqqında bəhs edilən bu model elektron dövlət xidmətləri ilə yanaşı, şəxsiyyətin identifikasiyası tələb olunan istənilən özəl sektor elektron xidməti ilə də müvəffəqiyyətlə və tez zamanda inteqrasiya edilə bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -