Yeməyin kalorisini öyrənmək üçün artıq məhsulları əl ilə axtarmağa və porsiyaların miqdarını ayrıca daxil etməyə ehtiyac qalmayacaq. Samsung süni intellekt vasitəsilə yeməkləri fotoşəkildən tanıyaraq onların təxmini kalori dəyərini hesablayan yeni funksiyanı hazırlayır.
SamMobile portalının məlumatına görə, yenilik Samsung Health tətbiqinə əlavə ediləcək. Scan Meal adlanan funksiya fotoşəkildəki yeməkləri tanıyacaq, onların tərkibindəki inqrediyentləri və təxmini porsiya ölçüsünü müəyyənləşdirəcək, daha sonra isə kalori miqdarını hesablayacaq.
İstifadəçilər yeməyin şəklini birbaşa tətbiq vasitəsilə çəkə və ya əvvəlcədən mövcud olan fotoşəkli yükləyə biləcəklər. Məlumata görə, süni intellektin təsviri emal etməsi cəmi bir neçə saniyə çəkəcək.
Bununla belə, Samsung hesablamaların tam dəqiq olmadığını vurğulayır. Nəticələr fotoşəklin işıqlandırılmasından və çəkiliş bucağından asılı ola bilər. Buna görə də təqdim olunan göstəricilər dəqiq kalori hesablaması və ya mütəxəssis məsləhətinin əvəzi kimi qəbul edilməməlidir.
Hazırda Scan Meal beta-test mərhələsindədir. Samsung Health tətbiqindəki xəbərdarlığa əsasən, gələcəkdə bu funksiya ödənişli ola bilər. Yeniliyin One UI 9.5 yeniləməsi ilə birlikdə istifadəyə verilməsi gözlənilir. Funksiyanın hansı regionlarda əlçatan olacağı isə hələlik məlum deyil.












