ДомойТелекомСобытияSHE RISES Baku 2026 Azərbaycan və Pakistandan olan qadın liderləri bir araya...

SHE RISES Baku 2026 Azərbaycan və Pakistandan olan qadın liderləri bir araya gətirdi

60-dan çox qadın sahibkar, biznes lider, ictimai xadim və tərəfdaş INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən SHE RISES Baku 2026: Azərbaycan-Pakistan Liderlik Konfransında bir araya gəldi. Konfrans SheMatters Pakistan, Femmes Digitales və Azerbaijan Business Women tərəfindən birgə təşkil edilib, Carnelian isə tədris tərəfdaşı olub. Konfrans Pakistandan 30 qadın sahibkar və lideri Azərbaycana gətirən beşgünlük liderlik səfərinin mərkəzi günü oldu.

Açılışdan əvvəl Pakistan nümayəndə heyəti dövlət xidmətlərində innovasiyalar və rəqəmsal həllərlə tanışlıq turunda ASAN xidmət təçrübəsini öyrəndi. Konfransı ASAN İnnovasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Rüstəmov açıq elan etdi. Daha sonra üç həmtəşkilatçı — Femmes Digitales-in təsisçisi və idarə heyətinin sədri Jana Krimpe, SheMatters Pakistanın təsisçisi və icraçı direktoru Syma Arshad, Azerbaijan Business Women təşkilatının sədri və SHE (Smart, Happy, Equal) platformasının təsisçisi Tatyana Mikayılova salamlama nitqi ilə çıxış etdilər.

Günün əsas məqamlarından biri SheMatters Pakistan, Femmes Digitales və Azerbaijan Business Women arasında Anlaşma Memorandumunun imzalanması oldu. Tərəfdaşlar hər iki ölkənin qadınları üçün ilk olan platforma yaradacaqlar. Bu platformada qadınlar təkcə uğurlarını deyil, yolboyu qarşılaşdıqları real çətinlikləri də bölüşəcəklər.

Proqram bir tərəfin digərinə təqdimatı kimi deyil, iki ekosistem arasında mübadilə kimi qurulmuşdu. SheMatters Pakistanın rəhbərlik etdiyi nümayəndə heyətinə Pakistanın müxtəlif bölgələrindən 30 qadın sahibkar, biznes sahibi və peşəkar lider Azərbaycana səfər etmişdi. Onların təcrübəsi fintex, telekom, pərakəndə ticarət və kommersiya, rəqəmsal inklüzivlik, iqlimə uyğun biznes və süni intellekt transformasiyası sahələrini əhatə edir. Azərbaycanlı qadınlar isə telekom, rəqəmsal siyasət, bankçılıq, yaşıl sahibkarlıq və dövlət idarəçiliyi sahələrindəki təcrübələrini bölüşdülər. Beşgünlük səfər ərzində nümayəndə heyəti Azərbaycan qurumları ilə görüşdü, ölkənin innovasiya ekosistemi ilə tanış oldu və Azərbaycanın qadın biznes icması ilə birbaşa əlaqələr qurdu.

Gün ərzində pakistanlı spikerlər azərbaycanlı liderlərlə birlikdə çıxış etdilər. Carnelian-ın liderlik və biznes strategiyası üzrə mütəxəssisi, icraçı kouçu Kamran Rizvi proqramı Syma Arshad ilə birlikdə açdı və liderliyin insani tərəfinə həsr olunmuş söhbəti moderasiya etdi. Bu söhbətdə icraçı kouç, şəxsi inkişaf və transformasiya üzrə mütəxəssis Ayesha Nawab, eləcə də liderlik və düşüncə tərzi üzrə ekspert, kommunikasiya və məqsəd kouçu Shireen Naqvi təcrübələrini bölüşdülər. Jazz şirkətindən Sarwat Salahuddin və Rabia Khattak əsas paneldə etika, müxtəliflik, inklüzivlik və qadınların imkanlara çıxışı barədə danışdılar. Pakistanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Sara Ijaz belə mübadilələrin iki ölkə arasındakı münasibətlər üçün əhəmiyyətinə dair diplomatik baxışını bölüşdü.

Proqramın əsas məqamları:

  • «Masa arxasında qadınlar: Liderlik, təsir və dəyişikliyin formalaşdırılması» – Milli Məclisin deputatı, Femmes Digitales-in fəxri idarə heyətinin üzvü Nigar Arpadarainin əsas çıxışı.
  • «Süni intellekt və rəqəmsal transformasiya dövründə liderlik» – İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin rəqəmsal iqtisadiyyat üzrə rəhbəri, Femmes Digitales-in Şura üzvü Xəyalə Fətullayevanın «Leadership Spotlight» mövzusunda çıxışı.
  • «Liderliyin insani tərəfi: Dəyişiklik bizdən nə tələb edir» – B.EST Solutions-un marketinq və kommunikasiya üzrə rəhbəri, Femmes Digitales-in baş katibi Səyyarə Hüseynova və Digital Umbrella-nın təsisçisi və baş icraçı direktoru, Femmes Digitales-in Şura üzvü Ulduzə Xəlilovanın pakistanlı liderlərlə birgə panel diskussiyası.
  • «Sərhədlərarası inklüziv inkişaf, imkanlar və liderlik» – Asiya İnkişaf Bankından Sunniya Durrani-Jamalın müsahibə formatında çıxışı.
  • «Gələcəyi quran qadınlar: Ticarət, texnologiya, insanlar və davamlı inkişaf» – Tatyana Mikayılovanın moderatorluğu ilə keçirilən əsas panel. Paneldə PAŞA Bankın özəl və pərakəndə rəqəmsal məhsullar üzrə rəhbəri və Femmes Digitales-in Müşahidə Şurasının üzvü Şəhla Məmmədova, Peerstack Academy-nin əməliyyatlar üzrə direktoru və Femmes Digitales-in Müşahidə Şurasının üzvüMəryəm Abbaszadə və pakistanlı spikerlər iştirak etdilər.
  • «Söz zalındır» – iştirakçıların fikirləri konkret əməkdaşlıqlara və növbəti addımlara çevirdiyi moderasiyalı sessiya.

«İyirmi ildən artıqdır ki, ölkələr arasında rəqəmsal körpülər qururam və öyrənmişəm ki, davamlı körpülər heç vaxt yalnız texnologiyadan ibarət olmur. Onlar etimaddan və birlikdə qurmağı seçən insanlardan yaranır. Salondakı Azərbaycan və Pakistan qadınları məhz bunu etdilər. İmzalanan Memorandum sadəcə kağız deyil, bir vəddir: bizdən biri yüksələndə, başqalarını da özü ilə qaldırır». – deyə Femmes Digitales-in təsisçisi və İdarə heyətinin sədri Jana Krimpe bildirib.

«Qadın biznesini böyüdəndə, ölkə də onunla birlikdə böyüyür. Azərbaycan və Pakistan artıq güclü tərəfdaşdır, qadın sahibkarlar isə bu tərəfdaşlığa praktiki, gündəlik məzmun qata bilər: bir qadının digərini kiminləsə tanış etməsi müştəriyə, təchizatçıya və ya tərəfdaşa çevrilə bilər. Birlikdə cəlb etdiyimiz qadınlar minlərlə kilometr uzaqda ola bilər, amma onlar bizim ən yaxın tərəfdaşlarımızdır. Harada olmağımızdan asılı olmayaraq, birgə böyüməyi seçirik». – deyə sahibkar, Azerbaijan Business Women-in sədri və SHE (Smart, Happy, Equal) platformasının təsisçisi Tatyana Mikayılova bildirib.

«SheRises Pakistanda qadınlar üçün liderlik səyahəti kimi başladı. Bugün isə körpüyə çevrildi. Otuz qadın Bakıya sadəcə başqa ölkəni ziyarət etmək üçün deyil, fərqli görmək, fərqli əlaqə qurmaq və dəyişmiş halda geri qayıtmaq üçün gəldi. Pakistan və Azərbaycan arasındakı dostluq hamıya məlumdur. Bu Memorandum ona bu dostluğu biznesdə, texnologiyada və liderlikdə irəli aparacaq qadınlar icmasını qatır». – deyə SheMatters Pakistanın təsisçisi və baş icraçı direktoru Syma Arshad bildirib.

Tərəfdaşlar birgə proqramlar, biznes tanışlıqları və bilik mübadiləsi vasitəsilə Azərbaycan və Pakistan qadın liderləri arasında mübadiləni davam etdirməyi planlaşdırırlar.

Təşkilatçılar konfransa ev sahibliyi etdiyi üçün ASAN xidmətə, məkan tərəfdaşı kimi INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinə, konfransa sponsor kimi dəstək verdiyi üçün Asan İmza (Mobile ID) xidmətinin milli operatoru B.EST Solutions şirkətinə təşəkkür edirlər. Təşkilatçılar həmçinin iştirakına görə Pakistanın Azərbaycandakı səfirliyinə minnətdarlıqlarını bildirir.

Təşkilatçılar haqqında

Femmes Digitales (“Texnologiyalar sahəsində qadınlara dəstək” İctimai Birliyi) 2013-cü ildə təsis edilmiş müstəqil, qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Təşkilatın missiyası texnologiya sənayesində gender fərqini aradan qaldırmaq, daha çox qadını texnologiya və İT sahəsinə yönəltmək və rəqəmsal transformasiya dövrü üçün inklüziv işçi qüvvəsi formalaşdırmaqdır. Femmes Digitales üzvləri üçün güclü şəbəkə qurur, dövlət, akademik və sənaye qurumları ilə tərəfdaşlıq edir.

SheMatters Pakistan — Pakistanın Lahor şəhərində yerləşən, qadınlara yönəlmiş liderlik və imkanlar platformasıdır. Platforma təbliğat, liderlik və bacarıqların inkişafı, maliyyə inklüzivliyi, rəqəmsal savadlılıq və strateji tərəfdaşlıqlar vasitəsilə qadınların liderliyini, iqtisadi iştirakını və sahibkarlığını dəstəkləyir, qadınları bilik, şəbəkələr, bazarlar və imkanlarla əlaqələndirir.

Azerbaijan Business Women Bakıda fəaliyyət göstərən, qadın sahibkarlığını, liderliyini və iqtisadi iştirakını təşviq edən qeyri-kommersiya platformasıdır. Platforma qadın sahibkarları, biznes sahiblərini və yüksək vəzifəli rəhbərləri bir araya gətirir, peşəkar inkişaf, mentorluq, şəbəkələşmə, innovasiya və biznesin böyüməsi üçün imkanlar yaradır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,704ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -