Honor Çində MagicPad 4 planşetinin yeni versiyasını təqdim edib. Yeni model eyni adlı qlobal versiyadan ciddi şəkildə fərqlənir. Burada OLED əvəzinə LCD ekran və fərqli Qualcomm prosessoru istifadə olunur. Bununla belə, planşet böyük tutumlu batareya da daxil olmaqla bir sıra əsas xüsusiyyətlərini qoruyub.
Çin versiyası 12,1 düymlük LCD ekran ilə təchiz olunub. Panelin təsvir ölçüsü 3000×1872 piksel, maksimal parlaqlığı isə 700 nitdir. Yenilənmə tezliyi istifadəçinin seçiminə uyğun olaraq 60, 90, 120, 144 və ya 165 Hz ola bilər. Ekran IMAX Enhanced sertifikatı və HDR Vivid dəstəyi əldə edib.
Səs sistemi altı dinamikdən ibarətdir. Zənglər üçün isə planşetə üç mikrofon yerləşdirilib.
Planşetin aparat təminatının əsasını Snapdragon 8s Gen 4 prosessoru və Adreno 825 qrafik çipi təşkil edir. İsinmənin qarşısını almaq üçün ümumi sahəsi 37 000 mm²-dən çox olan qrafit təbəqəli soyutma sistemi tətbiq edilib. Operativ yaddaş 8 və ya 12 GB, daxili yaddaş isə 256 GB təşkil edir.
Avtonomluq baxımından MagicPad 4 10 100 mAh batareya ilə təchiz olunub və 66 vatt şarj doldurma dəstəyinə malikdir. Böyük batareyaya baxmayaraq, planşetin korpusunun qalınlığı cəmi 6,29 mm, çəkisi isə 537 qramdır.
Yeni MagicPad 4 Android 16 əsasında hazırlanmış MagicOS 10 əməliyyat sistemi ilə işləyir. Proqram təminatının maraqlı xüsusiyyətlərindən biri planşetlə Apple cihazları arasında faylları, fotoları və videoları ötürmək imkanının olmasıdır.
Honor MagicPad 4 Çində iki konfiqurasiyada satışa çıxarılıb:
- 8 + 256 GB — 3299 yuan (491 dollar);
- 12 + 256 GB — 3699 yuan (551 dollar).











