Google böyük səs-küy yaratmadan reCAPTCHA xidmətinin iş prinsipində dəyişiklik edib. Yeniliyə əsasən, Google xidmətləri olmayan cihazlar avtomatik olaraq “şübhəli” hesab oluna bilər.
Əvvəllər istifadəçilər saytlara daxil olarkən şəkillərdə svetofor və ya avtomobilləri seçməklə təsdiqləmə aparırdı. İndi isə bəzi hallarda reCAPTCHA QR-kod göstərir və onu smartfonun standart kamerası ilə skan etməyi tələb edir.
Problem ondadır ki, bu yeni yoxlama mexanizmi Google Play Services ilə sıx inteqrasiya olunub. Əgər cihazda bu xidmətlər yoxdursa, istifadəçi autentifikasiyadan keçə bilməyə bilər.
Bu dəyişiklikdən GrapheneOS kimi GMS-siz sistemlərdən istifadə edənlər, eləcə də cihazını “de-Googled” edən istifadəçilər təsirlənə bilər.
Google yeniliyi reCAPTCHA-nın “təkamülü” adlandırır və bunu Google Cloud Fraud Defense platformasının bir hissəsi kimi təqdim edir. Şirkətin sözlərinə görə, bu texnologiya hesab yaradılmasından ödəniş mərhələsinə qədər istifadəçiləri fırıldaqçılıqdan qorumağa kömək edir.
Maraqlıdır ki, Apple iPhone istifadəçiləri QR-kod vasitəsilə Google xidmətləri tələb etməyən ayrıca tətbiq vasitəsilə təsdiqləmədən keçə bilirlər.








