Məşhur insayder Jon Prosser gələcək iPhone 17e modeli haqqında yeni detalları və keyfiyyətli görüntüləri paylaşıb. Gözləntilərə görə, smartfon fevralın 19-da rəsmi təqdim olunacaq və başlanğıc qiyməti təxminən 600 dollar olacaq. Cihaz şirkətin aktual seriyasında ən əlçatan model kimi mövqeləndirilir.
Büdcə seqmentinə aid olmasına baxmayaraq, smartfon flaqman səviyyəli Apple A19 çipi ilə təchiz ediləcək. Operativ yaddaşın 8 GB olacağı bildirilir. Təxminən 4000 mAh batareya və enerji səmərəli platforma sayəsində cihazın yüksək avtonomluq göstərəcəyi gözlənilir.
Bu qiymət kateqoriyası üçün əsas yeniliklərdən biri MagSafe maqnit şarj texnologiyasının dəstəklənməsi olacaq. Maraqlıdır ki, son məlumatlara əsasən, hətta Samsung Galaxy S26 Ultra modelində inteqrasiya olunmuş naqilsiz maqnit şarj doldurma sistemi olmayacaq.
iPhone 17e 6,1 düymlük, 60 Hz yenilənmə tezliyinə malik ekran əldə edəcək. Əsas kamera 48 MP, ön kamera isə 18 MP olacaq. Klassik qara və ağ rənglərlə yanaşı, lavanda rəngi də təqdim ediləcək.
Qeyd edək ki, Prosser daha əvvəl Google Pixel 7 və Google Pixel 7 Pro modellərinin, həmçinin Pixel Watch-un təqdimat tarixlərini dəqiq proqnozlaşdırmışdı. O, həmçinin vaxtilə iPhone SE 2020 və MacBook Pro 13 təqdimat tarixlərini də əvvəlcədən açıqlamışdı.





