OpenAI rəsmi şəkildə açıqlayıb ki, ChatGPT-də reklamlar istifadəyə veriləcək. Şirkət dialoqların daxilində reklam bloklarının testinə başlayır. Rəsmi olaraq bu, “faydalı tövsiyələr” kimi təqdim olunur, lakin əslində neyron şəbəkənin cavablarına inteqrasiya olunmuş sponsorlu elanlardan söhbət gedir.
Reklamlar cavabın aşağı hissəsində, xəttlə ayrılmış şəkildə və Sponsored işarəsi ilə göstəriləcək. OpenAI-nin nümayişində Meksika mətbəxi ilə bağlı sorğuya cavab olaraq ChatGPT ərzaq çatdırılma xidmətini, səyahət sualı zamanı isə “sponsorla əlaqə saxla” düyməsi olan otel reklamını təklif edib.
Bununla paralel olaraq şirkət bütün dünya üçün daha ucuz ChatGPT Go abunəliyini, ayda 8 dollara, istifadəyə verib. Bu tarif pulsuz versiya ilə müqayisədə 10 dəfə daha çox mesaj, fayl yükləmə və şəkil generasiyası, həmçinin genişləndirilmiş yaddaş və kontekst təqdim edir. Buna baxmayaraq, bu tarifdə də reklamlar qalacaq. Reklamsız istifadə yalnız Plus (20 dollar), Pro (200 dollar) və biznes tariflərində mümkün olacaq.
OpenAI vurğulayır ki, reklamverənlər modelin cavablarına təsir etmir və istifadəçi dialoqları onlara ötürülmür. Şirkət həmçinin söz verir ki, sağlamlıq, psixologiya və siyasət mövzularının yanında reklam göstərilməyəcək və yetkinlik yaşına çatmayan istifadəçilərə reklam çıxmayacaq.
Reklamların testinə yaxın həftələrdə başlanacaq və ilkin mərhələdə yalnız ABŞ üçün nəzərdə tutulub.




