Luma AI startapı mövcud videoların redaktəsi üçün yeni süni intellekt modeli — Ray3 Modify-ni təqdim edib. Yeni alət videodakı personajları, onların davranışını və hərəkət dinamikasını qorumaqla səhnəni dəyişməyə imkan verir.
Şirkətin bildirdiyinə görə, Ray3 Modify orijinal materiala maksimum sadiq qalır: hərəkətlər, baxış istiqaməti, ritm və emosional ifadə dəyişməz qalır. Bununla yanaşı, səhnə vizual olaraq transformasiya olunur. Məsələn, videodakı aktyoru, üslub və ümumi məntiq itirilmədən, başqa bir obrazla əvəz etmək mümkündür.
Model həmçinin başlanğıc və son “dayaq kadrlarını” təyin etməyə imkan verir. Bu funksiya səhnələr arasında keçidlərin, hərəkətlərin və personaj davranışının daha axıcı və ardıcıl qurulmasına kömək edir.
Luma AI-nin həmtəsisçisi və baş direktoru Amit Jain qeyd edib ki, generativ video modelləri çox güclüdür, lakin onların idarəsi çətindir. Ray3 Modify isə real çəkilişi süni intellektlə birləşdirərək yaradıcı komandalar üçün tam nəzarət imkanı yaradır. Bu yanaşma sayəsində səhnəni başqa məkana köçürmək, geyimləri dəyişmək və ya hətta kadrları yenidən “çəkmək” fiziki çəkilişə ehtiyac olmadan mümkün olur.
Ray3 Modify funksiyaları artıq Dream Machine platformasında istifadəçilər üçün əlçatandır.





