Japan Mobility Show sərgisində Toyota şirkəti Corolla modelinin tam elektrikli versiyasının konseptini təqdim edib. Yeni model əvvəlki nəsil Corolla-lardan dizayn baxımından tamamilə fərqlənir və üslubca Porsche və BMW-nin idman avtomobillərini xatırladır.
Elektromobillərin sürətlə populyarlaşması və avtomobil dizaynında cəsarətli yeniliklərin artması fonunda Corolla son illər bazarda mövqelərini bir qədər itirmişdi. Toyota isə bu konseptlə modelin lider statusunu geri qaytarmaq niyyətindədir.
Yeni Corolla konsepti markaya xas ön görünüşünü qoruyub, lakin futuristik və idman yönümlü elementlərlə yenilənib. Avtomobildə şarj portu və bağlı radiator barmaqlığı kimi detallar diqqət çəkir — yəni dizayn artıq tamamilə elektrik avtomobil fəlsəfəsinə uyğunlaşdırılıb.
Texniki göstəricilər hələ açıqlanmasa da, növbəti nəsil Corolla-nın dörd fərqli versiyada təqdim olunacağı gözlənilir: elektrikli, hibrid, şəbəkədən şarj edilən hibrid (plug-in) və klassik daxili yanma mühərrikli variant.
Toyota-nın baş direktoru Kodzi Sato bildirib ki, yarım əsrdə Corolla-nın 50 milyondan çox nüsxəsi satılıb və bu göstəriciyə görə o, dünyanın ən çox satılan avtomobili olaraq Volkswagen Beetle modelini geridə qoyub.





