Huawei və Samsung kimi aparıcı istehsalçılar arasında üçqat qatlana bilən smartfon bazarında rəqabət getdikcə kəskinləşir. Gözlənilir ki, bu rəqabət sentyabr ayında daha da nəzərə çarpacaq.
Bu barədə 28 iyul tarixində texnologiya sahəsində ixtisaslaşmış Huawei Central nəşri məlumat yayıb. Tanınmış insayder SmartPikachuya istinad edən mənbənin sözlərinə görə, bu payız Huawei öz ikinci üçqat qatlana bilən smartfonunu Kirin 9020 prosessoru ilə, Samsung isə Snapdragon 8 Elite ilə təchiz edəcək.
Hər iki cihazın yüksək texniki göstəriciləri ilə premium smartfon bazarında birbaşa rəqib olacağı gözlənilir. Bildirilir ki, Huawei bu dəfə yeniliyi Mate XTs adı ilə təqdim edə bilər. Şirkət kamera, prosessor və cihazın davamlılığı sahəsində əhəmiyyətli yeniliklər edəcək.
Samsung isə öz növbəsində Galaxy Z modelini 10 düymlük OLED ekranla təqdim edəcək. Bu model yeni nəsil qatlanma texnologiyası sayəsində daha nazik, elastik və davamlı dizayna malik olacaq.
Huawei Central qeyd edir ki, Honor və Xiaomi kimi digər brendlər hələ üçqat qatlanan smartfon bazarına daxil olmaq üçün uyğun vaxt axtarırlar. Hazırda isə diqqət Huawei və Samsung arasındakı qarşıdurmaya yönəlməlidir.