OPPO, K13 Turbo adlı oyun yönümlü smartfonlar seriyasının təqdimat tarixini açıqlayıb və yeni teaser vasitəsilə cihazın dizayn elementlərini, o cümlədən aktiv soyutma sistemli daxili fanı nümayiş etdirib.
Yeni seriyanın təqdimatı 21 iyulda baş tutacaq. Sızdırılan məlumatlara əsasən, K13 Turbo modelləri MediaTek Dimensity 8450 prosessoru, IPX8 standartına uyğun suya davamlı korpus və yüksək yeniləmə tezlikli düz ekranla təchiz olunacaq. Bundan əlavə, OPPO-nun Turbo Pro adlı daha güclü bir versiyanı da təqdim edəcəyi gözlənilir. Bu modeldə Snapdragon 8s Gen 4 çipi, 16 GB operativ yaddaş və 144 Hz yeniləmə tezliyinə malik 6.8 düymlük OLED ekran olacaq.
Kamera imkanları da pis görünmür: Pro versiyada əsas 50 MP kamera, əlavə 2 MP sensor və 16 MP ön kamera yer alacaq. Bu göstəricilər OPPO-nun K13 Turbo seriyasını mobil oyun həvəskarları üçün cəlbedici bir seçimə çevirə bilər.