Bloomberg yazarı Mark Qurman bildirir ki, Apple, özünün Apple Intelligence platformasında yerləşdirmək üçün ChatGPT və Claude kimi çat-botların test versiyalarını OpenAI və Anthropic şirkətlərindən istəyib.
Apple istifadəçi məxfiliyinə ciddi yanaşır və süni intellekt funksiyalarının mümkün qədər lokal səviyyədə, cihazın özündə işləməsini istəyir. Daha mürəkkəb sorğular üçün məlumatların buluda göndərilməsi lazım gəlsə belə, bu, yalnız Apple-ın şəxsi serverləri vasitəsilə həyata keçiriləcək — üçüncü tərəflərə ötürülməyəcək.
Bundan əlavə, Apple rəhbərliyi bazarda böyük diqqət çəkən Perplexity AI startapını satın almağı da müzakirə edir.
Hələlik hansı şirkətlə müqavilə bağlanacağı bilinmir, amma Qurmanın sözlərinə görə, Apple-ın yalnız daxili resurslarla bazar liderlərinə çatması real görünmür. Məlumata görə, Apple süni intellekt üzrə mühəndislərinə rəqib startaplarla müqayisədə təxminən 2 dəfə az əmək haqqı verir.