Meta Instagram-ın şəxsi mesajlaşma funksiyasını ayrıca tətbiqə çevirir. Şirkət Instagram Direct mesajlarını özündə birləşdirən Direct adlı yeni tətbiqi sınaqdan keçirməyə başlayıb. İlk mərhələdə tətbiq Türkiyə və Taylandda istifadəyə verilir. Ondan Instagram hesabı ilə və ya belə hesab olmadan istifadə etmək mümkündür.
Meta bu addımla Instagram-dan əsasən, hətta yalnız mesajlaşmaq üçün istifadə edən insanları platformanın ekosistemində saxlamağa çalışır. Belə ki, istifadəçilər uzun müddətdir Instagram-ın lentinə və digər funksiyalarına ehtiyac duymadan yalnız mesajlaşma imkanlarından yararlanmağın yollarını axtarırlar. Direct məhz bu tələbatı qarşılamaq üçün hazırlanıb. Şirkət bildirir ki, tətbiq dostlar və ailə üzvləri ilə şəxsi və qrup söhbətləri aparmaq üçün nəzərdə tutulub.
Yeni tətbiq Meta-ya Instagram-ın digər imkanlarından istifadə etməyən insanları da öz ekosistemində saxlamağa və onları aktiv istifadəçilər kimi nəzərə almağa imkan verəcək.
Direct-də reaksiyalar, səsli mesajlar və emojilər kimi standart mesajlaşma imkanları ilə yanaşı, bir sıra əlavə funksiyalar da var:
- Draw: Söhbət pəncərəsində birbaşa rəsm çəkməyə və qaralamalar hazırlamağa imkan verir.
- Notes: Instagram Direct-in yuxarı hissəsində görünən qısa status yeniləmələrini təqdim edir.
- İstifadəçilər fərdi stikerlər yarada, cavablara səs effektləri əlavə edə və söhbət fonunu xüsusi mövzularla fərdiləşdirə bilərlər.
Türkiyə və Taylanddakı istifadəçilər Direct-də e-poçt ünvanı və ya telefon nömrəsi ilə qeydiyyatdan keçə bilərlər. Mövcud Instagram hesabı olanlar isə əvvəlki istifadəçi adı və şifrələri ilə daxil ola biləcəklər. Mövcud yazışmalar hər iki tətbiq arasında sinxronlaşdırılacaq.
Təhlükəsizlik baxımından yalnız kontaktlarınızda olan və ya artıq əlaqədə olduğunuz şəxslər sizinlə söhbət başlada və sizi qrup çatlarına əlavə edə biləcəklər. İstifadəçilər istənilən vaxt kontaktları şikayət edə, bloklaya, məhdudlaşdıra və ya silə bilərlər.
Meta həmçinin yaş təyinetmə texnologiyasından istifadə edərək yeniyetmələrin iştirak etdiyi potensial uyğunsuz ünsiyyətləri müəyyənləşdirməyi planlaşdırır. Valideynlərə isə övladlarının kimlərlə yazışdığını görmək, təhlükəsizlik parametrlərini idarə etmək və gündəlik istifadə müddətinə limit qoymaq imkanı verən nəzarət alətləri təqdim olunacaq.
Instagram hesabı ilə Direct-ə daxil olan yeniyetmələr Instagram-ın Teen Accounts hesabları üçün nəzərdə tutulmuş bütün mesajlaşma məhdudiyyətlərinə tabe olacaqlar.











