Samsung Çində premium Heart of the World seriyasına daxil olan yeni qatlanan smartfonu W27-ni təqdim edib. Model nazik korpusu, güclü texniki göstəriciləri və mobil şəbəkənin olmadığı ərazilərdə belə zəng etməyə və mesaj göndərməyə imkan verən peyk rabitəsi ilə seçilir.
Samsung W27-nin xarici ekranı 6,5 düym, daxili ekranı isə 8 düym diaqonala malikdir. Hər iki panel 120 Hz-ə qədər adaptiv yenilənmə tezliyini dəstəkləyir, maksimal parlaqlıq isə 3000 nitə çatır. Daxili ekran əlavə olaraq əksolunmanı azaldan örtüklə təchiz edilib.
Smartfonun əsasını Snapdragon 8 Elite for Galaxy prosessoru təşkil edir. Qurğu 16 GB operativ yaddaş və 512 GB və ya 1 TB daxili yaddaşla təklif olunur. Samsung-un məlumatına görə, 5000 mAh batareya fasiləsiz video izləyərkən 27 saata qədər işləməyə imkan verir. Kamera sistemi üç sensordan ibarətdir: f/1.7 diafraqmalı, 200 MP əsas kamera və 2x optik keyfiyyətli yaxınlaşdırma, 50 MP ultra genişbucaqlı kamera, eləcə də 3x optik zumu dəstəkləyən 10 MP telefoto kamera. W27 həmçinin 8K təsvir ölçüsündə video çəkə bilir. Çəkiliş zamanı görüntü sabitləşdirmə və üfüq xəttini qoruma funksiyaları da mövcuddur.
Smartfon One UI 9 interfeysi ilə işləyir və Galaxy AI imkanlarını dəstəkləyir. Bunlara söhbətlərin real vaxtda tərcüməsi, ekranda seçilmiş mətn üzrə axtarış və mətn əmrləri ilə fotoların redaktəsi daxildir. Məlumatların qorunması üçün Knox Vault və KEEP texnologiyalarından istifadə olunur. Modelin əsas xüsusiyyətlərindən biri Çinin TianTong peyk rabitəsi sisteminə dəstəkdir. Bu texnologiya yerüstü mobil şəbəkələrin əhatə etmədiyi ərazilərdə səsli zənglər etməyə və mesajlar göndərməyə imkan verir.
Samsung W27 mavi və qırmızı rənglərdə təqdim edilib. Açıq vəziyyətdə qalınlığı 4,1 mm, qatlandıqda isə 8,9 mm təşkil edir. Smartfonun çəkisi təxminən 215 qramdır. Komplektə qoruyucu örtük, kabel və 45 Vt gücündə enerji adapteri daxildir. Yeniliyin qiyməti hələ açıqlanmayıb.












