Sony oyunçuların kəskin etirazlarına baxmayaraq, fiziki disk daşıyıcılarından imtina planını dəyişməyəcəyini təsdiqləyib. Şirkət daha əvvəl açıqladığı qərara əsasən, 2028-ci ildən etibarən yeni PlayStation oyunlarını disk formatında buraxmayacaq.
Məsələ ilə bağlı Sony-nin maliyyə direktoru Lin Tao son maliyyə hesabatının təqdimatı zamanı danışıb. Onun sözlərinə görə, şirkət bazarı ətraflı təhlil edib, bütün üstünlükləri və riskləri qiymətləndirib və nəticədə rəqəmsal yayım modelinə tam keçidin qaçılmaz olduğu qənaətinə gəlib.
Lin Tao bildirib ki, bu qərarın əsas səbəbi təkcə PlayStation ekosistemi deyil, ümumilikdə bütün əyləncə sənayesində məzmunun sürətlə rəqəmsal formata keçməsidir. O əlavə edib ki, Sony bu istiqamətdə mərhələli şəkildə hərəkət etməyi planlaşdırır və hazırkı strategiyanı dəyişmək niyyətində deyil.
Qərar oyunçular arasında ciddi narazılıq yaradıb. Bir çox istifadəçi şirkətin sosial şəbəkələrdə səslənən tənqidlərə həftələrlə cavab verməməsini, mövqeyini yalnız investorlarla keçirilən görüş zamanı açıqlamasını mənfi qarşılayıb. Bəzi oyunçular bunu Sony-nin öz auditoriyasına münasibətinin göstəricisi kimi qiymətləndiriblər.
Etiraz əlaməti olaraq 23–30 avqust tarixlərində oyunçular PlayStation platformasına qarşı boykot keçirməyi planlaşdırırlar. Kampaniya çərçivəsində iştirakçılar konsollarını işə salmamağı və PlayStation Network xidmətinə daxil olmamağı nəzərdə tuturlar. Bununla belə, bəzi analitiklər bu aksiyanın şirkətin qərarına təsir edəcəyinə şübhə ilə yanaşırlar.









