Honor açıq tipli qulaqlıqlar ailəsinə Life FlyClip 3i adlı yeni modeli əlavə edib. Qulaqlıqlar musiqi dinləmək və zənglərə cavab verməklə yanaşı, süni intellektin köməyi ilə xarici dillərdə danışığı real vaxt rejimində tərcümə edə bilir.
Life FlyClip 3i klassik qulaqdaxili modellərdən fərqlənir. Qulaqlıq qulaq kanalını tam bağlamır və beləliklə, istifadəçi ətrafdakı səsləri eşitməkdə davam edir. Cihaz qulağa klips kimi bərkidilir, elastik C formalı konstruksiya isə onun yerindən çıxmasının qarşısını alır.
Konstruksiyanın daxilində 0,5 mm qalınlığında titan tel, xarici hissəsində isə yumşaq TPU örtük istifadə olunur. IP55 standartına uyğun qorunan hər bir qulaqlığın çəkisi cəmi 5,2 qramdır. Səs üçün isə iki maqnitli 10,8 mm dinamiklər istifadə olunur. Qulaqlıqlar AAC və SBC kodeklərini dəstəkləyir.
Açıq konstruksiya səbəbindən səsin bir hissəsinin ətrafa yayılması mümkündür. Honor bunun qarşısını almaq üçün istiqamətləndirilmiş səs ötürülməsindən və səs sızmasını kompensasiya edən əks səs dalğasından istifadə edir. Telefon danışıqları zamanı isə ətrafdakı səs-küyü süni intellekt alqoritmi əlavə olaraq azaldır.
Life FlyClip 3i mobil tətbiqlə birlikdə istifadə edildikdə xarici dildə danışığı real vaxt rejimində tərcümə edə bilir. Bundan əlavə, qeydə alınmış söhbətləri avtomatik şəkildə mətnə çevirmək mümkündür. Qulaqlıqlarda həmçinin eşitmə qabiliyyətinin ilkin yoxlanılması və itirilmiş aksesuarın tapılması funksiyaları mövcuddur.
Batareyanın bir şarjla işləmə müddəti təxminən 10 saatdır. Şarj qutusu ilə birlikdə ümumi istifadə müddəti 48 saata çatır. Cəmi 10 dəqiqəlik sürətli şarj isə əlavə olaraq təxminən 2 saat musiqi dinləməyə imkan verir.
Honor Life FlyClip 3i bənövşəyi, qara və gümüşü rənglərdə satışa çıxarılacaq. Çində öncədən sifariş artıq başlayıb, rəsmi satışlar isə 24 avqustda start götürəcək.
Qulaqlıqların qiyməti hələlik açıqlanmayıb.












