Google şirkəti Google Wallet üçün yeni funksiyanı istifadəyə verib. Yenilik sayəsində 18 yaşdan kiçik uşaqlar üçün valideyn nəzarəti ilə təhlükəsiz balans yaratmaq mümkün olacaq. Şirkət bildirir ki, məqsəd uşaqlara maliyyə savadlılığını öyrətmək və eyni zamanda valideynlərə onların xərclərinə nəzarət imkanı verməkdir.
Yeni funksiya vasitəsilə valideynlər gündəlik xərc limitləri təyin edə, övladlarının əməliyyat tarixçəsini izləyə və hər alış zamanı bildiriş ala biləcəklər. Bundan əlavə, uşaq cihazını itirdikdə hesabı uzaqdan bloklamaq və ya istənilən vaxt xərcləri müvəqqəti dayandırmaq da mümkün olacaq.
Uşaqlar Android smartfonları və Wear OS ağıllı saatları vasitəsilə Google Pay qəbul edilən bütün məntəqələrdə ödəniş edə biləcəklər. Google hesab edir ki, bu yenilik uşaqlara bank hesabı açmadan şəxsi vəsaitlərini idarə etməyə kömək edəcək.
Yeni imkan Google Wallet-i Apple Cash Family, eləcə də FamZoo və Greenlight kimi ailə yönümlü maliyyə xidmətlərinə daha yaxınlaşdırır. Bu platformalar da valideynlərə uşaqların xərclərini izləmək və maliyyə vərdişlərini formalaşdırmaq imkanı verir.
Hazırda yeniləmə mərhələli şəkildə ABŞ istifadəçiləri üçün istifadəyə verilir. Google funksiyanın digər ölkələrdə nə vaxt əlçatan olacağını hələ açıqlamayıb.
Qeyd edək ki, ötən il şirkət bəzi ölkələrdə valideynlərin icazəsi ilə uşaqlara Google Wallet vasitəsilə rəqəmsal ödənişlər etməyə, həmçinin tədbir biletləri, kitabxana kartları və hədiyyə kartlarını tətbiqdə saxlamağa imkan yaratmışdı.









