Oyun sənayesi çətin dövrdən keçir: studiyalar bağlanır, layihələr ləğv olunur, avadanlıq və konsolların qiyməti isə durmadan artır. Bu vəziyyət fonunda Sony PlayStation rəhbərliyi konsolların bahalaşması ilə bağlı mövqeyini açıqlayıb.
Şirkətin sual-cavab sessiyasında çıxış edən PlayStation rəhbəri Hideaki Nişino bildirib ki, komponentlərin bahalaşmasını tam şəkildə kompensasiya etmək mümkün deyil. Buna görə də Sony artıq Yaponiyadan kənar bir sıra bazarlarda məhsullarının qiymətini artırıb.
Onun sözlərinə görə, şirkətin əsas məqsədi maliyyə itkilərini minimuma endirmək olsa da, istifadəçi davranışı da daim diqqət mərkəzində saxlanılır.
«Qiymət siyasətinə gəlincə, komponentlərin bahalaşmasını tam kompensasiya edə bilmirik. Buna görə də bəzi məhsullarımızın qiymətini Yaponiyadan kənarda artırmışıq. Bununla belə, satışlar plan üzrə davam edir və istehlakçı tələbatında azalma müşahidə etmirik», – deyə Hideaki Nişino bildirib.
Bununla belə, analitiklərin statistikası fərqli mənzərə ortaya qoyur. Circana analitik şirkətinin məlumatına görə, 2026-cı ildə PlayStation konsollarının satışları son 25 ilin ən aşağı səviyyələrindən birinə enib. Mütəxəssislərin hesablamalarına əsasən, may ayında PlayStation 5 satışları ötən ilin eyni dövrü ilə müqayisədə 58%, PS5 ilə bağlı istehlak xərcləri isə 43% azalıb.
İnternet ictimaiyyəti bu geriləmənin əsas səbəbi kimi aprel ayında PlayStation 5-in qiymətinin artırılmasını göstərir.
Bu fonda PlayStation 6 ilə bağlı şayiələr də güclənməkdədir. Sənaye müşahidəçilərinin fikrincə, Sony yeni nəsil konsolun təqdimatını 2028-ci ilə, hətta 2029-cu ilə qədər təxirə sala bilər.








