OpenAI ilk aparat məhsulunu təqdim edib. Gözləntilərin əksinə olaraq, şirkət smartfon tipli AI cihazını deyil, Codex platformasında çalışan AI agentləri ilə işi asanlaşdırmaq üçün hazırlanmış Codex Micro adlı kompakt idarəetmə panelini nümayiş etdirib.
Codex Micro dizayn baxımından Stream Deck-i xatırladır. Qurğu mexaniki düymələr, analoq stiki, fırlanan tənzimləyici və sensor düymə ilə təchiz olunub. Altı şəffaf RGB işıqlandırmaya malikdir və tapşırıqların icra vəziyyətini real vaxtda göstərir.
OpenAI bildirir ki, yeni cihaz istifadəçilərə iş prosesləri arasında daha sürətli keçid etməyə və kod dəyişikliklərini qəbul etmək, rədd etmək kimi gündəlik əməliyyatları bir düymə ilə yerinə yetirməyə imkan verir. Dəstə Codex üçün nəzərdə tutulmuş müxtəlif funksiyaları əks etdirən 32 dəyişdirilə bilən düymə qapağı da daxildir.
Aksesuar Work Louder şirkəti ilə birgə hazırlanıb. Bu şirkət daha əvvəl Figma istifadəçiləri üçün oxşar idarəetmə paneli təqdim etmişdi.
Codex Micro ABŞ-da 230 dollar qiymətinə satışa çıxacaq. Cihaz yaxın zamanda Supply Co platformasında məhdud sayda satışa təqdim ediləcək.
OpenAI-nin keçmiş Apple dizayneri Coni Ayv ilə birlikdə hazırladığı əsas AI cihazının isə 2027-ci ildə təqdim olunacağı gözlənilir. Maraqlıdır ki, həmin məhsul hələ satışa çıxmamış Apple OpenAI-ni kommersiya sirlərini mənimsəməkdə ittiham edib. OpenAI isə bu iddiaları əsassız adlandırır.










