Geely elektromobillər üçün yeni nəsil Aegis Gold Brick batareyasını təqdim edib. Çin sertifikatlaşdırma sınaqları zamanı batareya 1093 kVt pik doldurma gücünə çataraq ultra sürətli şarj doldurma texnologiyalarında yeni rekord müəyyənləşdirib.
Yeni litium-dəmir-fosfat (LFP) batareyası 900 voltluq elektrik arxitekturası və hər iki tərəfdən işləyən 3D maye soyutma sistemi ilə təchiz olunub. Maksimum doldurma gücü zamanı belə batareyanın temperaturu 64 °C-ni keçməyib ki, bu da Çində müəyyən edilmiş 65 °C təhlükəsizlik həddindən aşağıdır.
Sınaqlar göstərib ki, batareya 10%-dən 70%-ə cəmi 4 dəqiqə 22 saniyəyə, 10%-dən 97%-ə isə 8 dəqiqə 42 saniyəyəqədər şarj yığa bilir. Pik mərhələdə sistem hər 1 saniyə ərzində elektromobilə təxminən 2 kilometr əlavə yürüş ehtiyatı qazandırıb.
Yeni batareya ilk olaraq Lynk & Co 10 elektrik sedanında istifadə olunacaq. Geely-nin açıqlamasına görə, akkumulyator 4500 tam doldurma-boşaltma dövrünə tab gətirir ki, bu da 1 milyon kilometrdən artıq istismar müddətinə bərabərdir.
Şirkət həmçinin batareyanın avtomobilin alt hissəsində qorunması üçün hazırladığı 12 yeni patenti açıq istifadəyə təqdim edib. Bu texnologiyalar digər avtomobil istehsalçıları tərəfindən də istifadə oluna biləcək.









