Nokia 2026-cı ilin ilk rübü üzrə güclü maliyyə nəticələri açıqladıqdan sonra bazarda diqqət mərkəzinə düşüb. Şirkət gözləntiləri üstələyərək proqnozlarını artırıb və bu da səhmlərin son 16 ilin ən yüksək səviyyəsinə qalxmasına səbəb olub.
Rüb ərzində müqayisəli əməliyyat mənfəəti 54% artaraq 281 milyon avroya (329 milyon dollar) çatıb. Bu göstərici analitiklərin təxmin etdiyi 250 milyon avronu geridə qoyub.
Helsinkidə ticarətin ilk saatlarında Nokia səhmləri təxminən 7% bahalaşaraq 2010-cu ilin aprelindən bəri ən yüksək qiymətə yüksəlib — o dövrdə şirkət hələ əsasən telefon istehsalçısı kimi tanınırdı.
Son rüblərdə satışların kəskin artmasının əsas səbəbi isə süni intellekt üçün məlumat mərkəzlərinə olan yüksək tələbatdır. Bu mərkəzlərdə geniş istifadə olunan optik lif (fiber-optik) texnologiyaları Nokia-nın gəlirlərini artıran əsas amillərdən birinə çevrilib. Şirkət həmçinin ABŞ-ın Infinera şirkətini satın aldıqdan sonra optik şəbəkələr sahəsində qlobal liderlərdən birinə çevrilib.
Bir vaxtlar ikon telefonları ilə məşhur olan Nokia, daha sonra 5G avadanlıqları istehsalına yönəlmişdi. İndi isə diqqətini optik və IP şəbəkələrə yönəldərək yeni inkişaf mərhələsinə qədəm qoyur.
Şirkətin proqnozlarına görə, süni intellekt və bulud texnologiyaları bazarı 2025–2028-ci illər arasında illik 27% artacaq. Bu, əvvəlki 16%-lik gözləntidən xeyli yüksəkdir.
Bundan əlavə, şəbəkə infrastrukturu seqmentində xalis gəlirin bu il 12–14% artacağı gözlənilir (əvvəlki proqnoz 6–8% idi). Artımın əsas səbəbi kimi optik və IP şəbəkə biznesinin sürətli inkişafı göstərilir.






