Pekin şəhərində keçirilən qeyri-adi yarış texnologiya dünyasında səs-küy yaradıb — bu dəfə yarımarafon məsafəsində (21 km) insanlar deyil, humanoid robotlar mübarizə aparıb. Və nəticə doğrudan da gözlənilməz olub.
Honor komandasının “Lightning” adlı robotu yarışın əsas ulduzuna çevrilib. O, məsafəni cəmi 50 dəqiqə 26 saniyəyə qət edərək yeni dünya rekordu müəyyənləşdirib. Bununla da o, 2026-cı ilin martında Jacob Kiplimo tərəfindən qoyulmuş 57 dəqiqə 20 saniyəlik nəticəni geridə qoyub.
Maraqlıdır ki, radioidarəetmə ilə keçirilən kateqoriyada da yenə “Lightning” qalib olub — bu dəfə 48 dəqiqə 19 saniyəlik nəticə ilə.
Robotun texniki xüsusiyyətləri də diqqətəlayiqdir: boyu 1,69 metr, ayaqlarının uzunluğu isə 95 sm-ə qədərdir. Uzun məsafədə sabit performans üçün onun daxilinə maye soyutma sistemi inteqrasiya edilib.
Yarış ümumilikdə böyük maraq doğurub: 26 müxtəlif brenddən 100 komanda və 300 robot iştirak edib. Bunların arasında Unitree, Songyan Dynamics, Tiangong və Noetix Robotics kimi şirkətlər də yer alıb.
Bundan əlavə, məlum olub ki, Unitree robotları qısa məsafədə 10 m/s sürətə çata bilir — bu isə əfsanəvi sprinter Usain Boltun rekorduna (10,44 m/s) olduqca yaxındır.






