Humanoid robotlar artıq sadəcə texnoloji sərgilərin prototipləri olmaqdan çıxaraq real istehsal proseslərinə daxil olmağa başlayır. İndi isə Xiaomi də bu istiqamətdə addım ataraq elektromobillərin istehsal xəttində insanabənzər robotu işə salıb.
Robot zavodda xüsusi montaj sahəsində «self-tapping» vintlərin quraşdırılması ilə məşğuldur və bu prosesdə insan əməyinə yaxın sürət nümayiş etdirir.
Üç saat davamlı işləmə zamanı sistem 90,2% dəqiqlik və 76 saniyəlik əməliyyat dövrü kimi nəticələri göstərib. Bu göstəricilər real istehsal prosesində insan iş tempinə kifayət qədər yaxın hesab olunur.
Robotun öyrədilməsi Vision-Language-Action (görmə-dil-hərəkət) modelinə əsaslanır. Model təxminən 4,7 milyard parametrə malikdir və robotun ətraf mühiti tanımasına, komandaları başa düşməsinə və uyğun hərəkət etməsinə imkan verir.
Sistemin kontrolleri 1 millisaniyədən də az müddətdə yenilənir. Eyni zamanda robotun sabit işləməsi yüz milyonlarla simulyasiya edilmiş ssenari əsasında sınaqdan keçirilib.
Bu yanaşma nəticəsində sistem sadə mexaniki manipulyator deyil, mühit dəyişikliklərinə uyğunlaşa bilən ağıllı robot kimi formalaşdırılıb.
Xiaomi yaxın beş il ərzində texnologiyanı geniş miqyasda tətbiq etməyi planlaşdırır. Şirkət həmçinin gələcəkdə humanoid robotların istehlak bazarına çıxarılması ehtimalını da istisna etmir.





