Çinin avtomobil nəhəngi BYD yeni nəsil Blade Battery 2.0 akkumulyatorunu təqdim edib. Şirkət iddia edir ki, bu batareya ilə elektromobillər CLTC standartına görə 1000 km-dən çox yürüş ehtiyatı əldə edə bilər və rekord sürətli şarj doldurma imkanı qazanır.
Bu texnologiya BYD-nin qlobal elektromobil bazarında liderliyini qorumaq strategiyasının bir hissəsi hesab olunur. Son illər Çin bazarında rəqabətin kəskin artması şirkətləri daha sürətli innovasiyalara məcbur edir.
Blade Battery 2.0-ın əsas üstünlüyü məhz ultra sürətli şarj doldurmadır. Şirkətin açıqlamasına görə, batareya 10%-dən 70%-ə cəmi 5 dəqiqəyə dolur, 10%-dən 97%-ə isə təxminən 9 dəqiqə kifayət edir Hətta sərt hava şəraitində belə performans yüksək qalır. Məsələn, –30°C temperaturda bir gün qaldıqdan sonra batareya 20%-dən 97%-ə 12 dəqiqəyə qədər doldurula bilir. Normal şəraitdə isə bu texnologiyaya malik yeni elektromobillər indiki modellərlə müqayisədə 30–50% daha sürətli şarj yığacaq.
Akkumulyator müxtəlif təhlükəsizlik testlərindən — o cümlədən deşilmə və altdan zərbə sınaqlarından uğurla keçib. Şirkətin rəhbəri Wang Chuanfu bildirib ki, şarjın 97% səviyyəsində məhdudlaşdırılması təsadüfi deyil.
Yeni batareya 150 kVt·s gücündə enerji blokunu, yüksək gərginlikli platformanı və təkmilləşdirilmiş termal idarəetmə sistemini birləşdirir. Bu kombinasiya elektromobillərin yürüş ehtiyatı, performans və şarj sürəti arasındakı balansı yaxşılaşdırmağa imkan verir.
Blade Battery 2.0 ilə təchiz ediləcək ilk seriyalı model Yangwang U7 olacaq. Flaqman sedan üçün CLTC standartına görə 1006 km yürüş ehtiyatı və dörd mühərrikli güc qurğusu elan edilib.






