Texnologiya sənayesinin aparıcı şirkətləri — o cümlədən Apple və Tesla — yaxınlaşan qlobal problemdən xəbərdarlıq edir: yaddaş mikrosxemlərinin çatışmazlığı artıq şirkətlərin gəlirlərinə təsir göstərməyə başlayıb və yaxın illərdə vəziyyət daha da ağırlaşa bilər.
Şirkət rəhbərləri, o cümlədən Tim Kuk və İlon Mask bildirirlər ki, DRAM yaddaş çiplərinin qıtlığı istehsal həcmlərini məhdudlaşdıracaq. Tim Kukun sözlərinə görə, bu amil iPhone modellərinin rentabelliyini azalda bilər. Yaddaş istehsalçısı Micron Technology isə mövcud vəziyyəti “misli görünməmiş dar boğaz” adlandırıb.
İlon Mask problemin uzunmüddətli həllinin çətin olduğunu vurğulayaraq bildirib ki, Tesla gələcəkdə öz yaddaş çipi istehsal zavodunu qurmaq məcburiyyətində qala bilər: şirkətin qarşısında ya çatışmazlıqla barışmaq, ya da istehsalı öz nəzarətinə götürmək seçimi dayanır.
Yarımkeçirici avadanlıqları istehsal edən Lam Research şirkətinin rəhbəri Tim Arçer isə qeyd edib ki, onilliyin sonuna qədər yaddaş çiplərinə tələbat əvvəlki bütün dövrləri üstələyə bilər. Analitik Mark Li (Bernstein) isə qiymətlərin artıq “parabolik” sürətlə artdığını vurğulayır.
Ekspertlərin fikrincə, vəziyyət smartfonlardan və noutbuklardan tutmuş elektromobillərə və məlumat mərkəzlərinə qədər bütün texnologiya bazarında qiymət artımına səbəb ola bilər.





