Bloomberg jurnalisti Mark Gurman iOS 27 ilə bağlı planlaşdırılan dəyişikliklər barədə yeni məlumatlar paylaşıb. Onun sözlərinə görə, yeni sistemin əsas məqsədi dizayn yenilikləri deyil, sabitlik və optimizasiya olacaq — başqa sözlə, Apple bu dəfə sistemi “qaydaya salmağa” qərar verib.
Mənbənin bildirdiyinə görə, şirkətin mühəndisləri artıq iOS kodundan illər ərzində yığılan və səhvlərə səbəb olan köhnə proqram hissələrini silməyə başlayıblar. Bu addım cihazların stabil işləməsinə mənfi təsir göstərən problemləri azaltmağa yönəlib.
Eyni zamanda uzun müddətdir ciddi yenilənmə almayan daxili tətbiqlərin — “Kalkulyator”, “Kompas”, “Qeydlər” və digərlərinin performansı yaxşılaşdırılacaq. Yeni versiyada interfeys dizaynının isə demək olar ki, dəyişməyəcəyi bildirilir.
Bununla yanaşı, artıq fon proseslərinin optimallaşdırılması hesabına iPhone modellərinin enerji sərfiyyatının azalacağı və batareya ömrünün artacağı gözlənilir. Şirkət həmçinin süni intellekt funksiyalarını inkişaf etdirməyə davam edəcək, Siri köməkçisi yenilənəcək, foto və mətnlə işləmə alətləri isə daha ağıllı olacaq.
Hazırda Apple gələcək yeniləmə ilə bağlı rəsmi detalları açıqlamayıb.





