YouTube aşağı keyfiyyətli, kütləvi şəkildə süni intellekt vasitəsilə hazırlanan videolara qarşı ciddi mübarizəyə start verib. Platforma təkcə kiçik səhifələri deyil, milyonlarla abunəçisi olan iri kanalları da silməyə başlayıb.
Belə ki, YouTube-dan artıq CuentosFacianantes və Imperio de Jesus adlı kanallar tamamilə silinib. Bu iki kanalın birlikdə demək olar ki, 12 milyon abunəçisi var idi.
Təmizləmə prosesi YouTube-un rəhbəri Nil Mohanın kontent müəlliflərinə ünvanladığı müraciətdən qısa müddət sonra başlayıb. O, açıq şəkildə bildirib ki, platforma mövcud spam və klikbeyt əleyhinə mexanizmləri gücləndirərək süni intellekt kontentinin yayılmasını azaltmaq niyyətindədir. Məlumatlara görə, yeni qaydalar daha 16 İİ-kanala da təsir edib: bəziləri tam silinib, digərlərinin isə demək olar ki, bütün videoları platformadan yoxa çıxıb.
Kapwing onlayn video redaktorunun araşdırmasına əsasən, YouTube-a yeni daxil olan istifadəçilərə tövsiyə edilən videoların 20%-dən çoxu süni intellektlə hazırlanmış kontentdir. Analitiklər tamamilə İİ videolarından ibarət 278 kanal müəyyən ediblər — bu kanallar ümumilikdə 63 milyarddan çox baxış toplayıb və 221 milyondan artıq abunəçi qazanıb.
Ekspertlərin sözlərinə görə, bu tip videolar əksər hallarda kontekstdən məhrum olur, eyni şablonla hazırlanır və əsas məqsədi izləyiciyə fayda vermək yox, maksimum baxış və diqqət toplamaqdır.
Vəziyyəti daha da gərginləşdirən məqam isə YouTube-un ötən ilin iyulunda qüvvəyə minən tərəfdaşlıq proqramı yenilikləridir. Həmin vaxt platforma “qeyri-autentik kontent” anlayışını daha dəqiq izah edərək, kütləvi süni intellekt videolarına, klon kanallara və mənasız kompilyasiyalara qarşı daha sərt mövqe sərgiləyəcəyini açıqlamışdı.




