Netflix kino sənayesində mövqeyini daha da gücləndirir. Şirkət Sony Pictures Entertainment-in tammetrajlı filmlərinə kinoteatr nümayişi və pay-per-view mərhələsindən sonra eksklüziv qlobal striminq hüquqlarını əldə edib. Bu barədə tərəflərin birgə açıqlamasında bildirilir.
Çoxillik razılaşmanın mərhələli şəkildə icrasına bu ilin sonlarından başlanacaq — hüquqlar ayrı-ayrı regionlarda tədricən Netflix-ə keçəcək. Tam qlobal əhatə isə platformaya 2029-cu ilin əvvəlində açılacaq.
Qeyd edək ki, Netflix hələ 2021-ci ildən etibarən Sony filmlərini ABŞ, Almaniya və Cənub-Şərqi Asiya ölkələrində yayımlamaq hüququna malik idi. Yeni müqavilə bu əməkdaşlığı dünya miqyasında genişləndirir.
Razılaşma çərçivəsində Netflix, həmçinin Sony-nin arxivindən bir sıra populyar filmlər və seriallar üçün lisenziya alacaq. Siyahıya “Uncharted”, “Spider-Man: Across the Spider-Verse”, “It Ends With Us”, “Anyone But You” və “Venom: The Last Dance” kimi tanınmış layihələr daxildir.
Müqavilənin dəqiq dəyəri və vaxt cədvəli rəsmi olaraq açıqlanmasa da, Bloomberg mənbələri razılaşmanın 2032-ci ilə qədər qüvvədə olacağını və təxminən 7 milyard dollar dəyərində qiymətləndirildiyini bildirir.




