2025-ci ilin sonuna yaxın yaddaş çiplərinin qiymətləri ciddi şəkildə yüksəldi və bu artım hələ də davam edir. Qlobal bazardakı vəziyyətlə bağlı Micron şirkətinin top-meneceri Maneş Bhatiya açıqlama verib. Qısa desək — bazarı daha çətin dövr gözləyir.
Bhatiyanın sözlərinə görə, Micron artıq 2026-cı il üçün yaddaş çiplərinin istehsalı ilə bağlı yeni sifariş qəbul etmir. Şirkətin istehsal gücü tam şəkildə dolub və bütün il əvvəlcədən planlaşdırılıb. Bu səbəbdən PC və smartfon istehsalçıları indidən 2027-ci il üçün növbəyə dayanmağa, müqavilələri isə artıq yüksəlmiş qiymətlərlə bağlamağa başlayıblar.
Əsas problem istehlak elektronikası üçün nəzərdə tutulan çiplər deyil, süni intellekt sürətləndiriciləri üçün HBM yaddaşına olan kütləvi tələbatdır. Bu çiplərə üstünlük verilməsi nəticəsində podratçı istehsalçılar DDR və GDDR kimi geniş istifadə olunan yaddaş növlərini böyük həcmdə istehsal edə bilmirlər. Nəticədə bu seqmentdəki qıtlığın ən azı gələn ilə qədər davam edəcəyi gözlənilir.
Bhatiya vəziyyətin daha da ağırlaşacağını düşünür. Onun fikrincə, robot texnologiyaları və pilotsuz avtomobillər sahəsinin sürətli inkişafı çiplərə olan tələbatı daha da artıracaq və bazardakı balansı pozacaq.
Bunun fonunda Counterpoint Research analitikləri 2026-cı ildə qlobal smartfon tədarükünün 2,1% azalacağını proqnozlaşdırır. Artıq OPPO, Xiaomi və Transsion qrupuna daxil olan brendlər (TECNO, Infinix, iTel) də 2026-cı il üçün satış hədəflərini aşağı salmağa başlayıblar.




