LG şirkəti süni intellekt əsasında çalışan yeni ev robotu CLOiD-i təqdim edib. Rəsmi təqdimatın CES 2026 sərgisində baş tutacağı bildirilir. Bu robot Zero Labor Home konsepsiyasının bir hissəsidir — ideya evdəki yorucu və vaxt aparan işlərin ağıllı, məişət texnikası ilə ünsiyyət qura bilən maşınlara həvalə olunmasını nəzərdə tutur.
LG CLOiD-in əsas vəzifəsi gündəlik ev işlərini yerinə yetirmək olacaq: yemək hazırlanmasına kömək etməkdən tutmuş, paltaryuyan maşının idarə olunmasına və əşyaların düzgün saxlanmasının təşkilinədək. LG ThinQ və Self-Driving AI Home Hub intellektual platformaları üzərində qurulan sistem sayəsində robot ev işlərinin böyük bir hissəsini istifadəçinin əvəzinə icra edəcək.
Robotun korpusu hündürlüyü tənzimlənən quruluşa malikdir. CLOiD iki ədəd manipulyatorla təchiz olunub — yeddi azadlıq dərəcəsi sayəsində onların hərəkəti insan əlinə olduqca yaxındır. Təkərli baza isə LG-nin robot-tozsoranların hazırlanması sahəsində topladığı təcrübə əsasında hazırlanıb.
CLOiD-in “başı” əsl mobil mərkəz rolunu oynayır: burada prosessor, ekran, dinamik, kameralar, sensorlar və səsli generativ süni intellekt yerləşdirilib. Bu imkanlar sayəsində robot istifadəçilərlə ünsiyyət qura, ətraf mühiti tanıya, evdəki davranış modellərini öyrənə və qoşulmuş məişət cihazlarını idarə edə bilir.
Robotun əsasını LG Physical AI texnologiyası təşkil edir. Bu texnologiya VLM (Vision-Language Model) və VLA (Vision-Language-Action Model) arasında körpü rolunu oynayır. Məişət tapşırıqları üzrə geniş məlumat bazasında öyrədilmiş bu modellər CLOiD-ə vizual və şifahi məlumatı anlayaraq onu real fiziki hərəkətə çevirməyə imkan verir.
CES 2026 sərgisində LG CLOiD real ev şəraitinə yaxın mühitdə nümayiş etdiriləcək. Robot mövcud ərzaqlardan səhər yeməyi hazırlayacaq, həmçinin paltarların yuyulması və qurudulmasını həyata keçirəcək.
Bundan əlavə, LG sərgidə servis robotları üçün nəzərdə tutulmuş LG Actuator AXIUM robotlaşdırılmış ötürücülər xəttini də təqdim edəcək. Yeni məhsulların satışa çıxarılma tarixləri hələ açıqlanmayıb.





